İranda azadlıq uğrunda mübarizə aparan insanların yanında yalnız türk dünyası, xüsusilə də Azərbaycan dövləti dayanır - ÖZƏL
17 Noyabr 2022 17:04 Siyasət"Dünyanın ən böyük təşkilatı, xüsusilə də dünyada qlobal təhlükəsizliyə, insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə, beynəlxalq hüququn prinsiplərinin qorunmasına, işğal faktlarının araşdırılmasına və aradan qaldırılmasına, işğalçının, təcavüzkarın soyqırımı, terroru dövlət siyasətinə çevirənlərə qarşı mübarizəni özünün başlıca fəaliyyət prinsipi kimi qəbul edən BMT nəhayət ki, İranda iki aydan artıq davam edən dinc aksiyalara, xalq etirazlarına özünün münasibətini bildirmək məcburiyyətində olduğunu dərk etdi və çox uzun müddətdən sonra nəhayət ki, bu proseslərə araşdırılması və qiymət verilməsi ilə bağlı İnsan Hüquqları Şurasının xüsusi sessiyanın keçirilməsi ilə bağlı qərarını elan etdi".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.
"Mən hesab edirəm ki, İranda mövcud rejimin özünü bu qədər rahat, arxayın insanlara, vətəndaşlara, dinc etirazçılara qarşı bu qədər aqressiv, terrora meyilli, insan hüquq və azadlıqlarını ayaqlar altına nümayişkaranə şəkildə ata biləcək cəsarətdə hiss etməsinin başlıca günahkarı məhz elə BMT, BMT-də iştirak edən qlobal güclərdie, bu gün dünyaya demokratiya dərsi keçmək iddiasında olan qərb dövlətləri - Amerikadır. Məhz Amerikanın, qərbi Avropa dövlətlərinin, beynəlxalq təşkilatların, BMT-nin zəif, səriştəsiz, laqeyd yanaşmasının nəticəsidir ki, İran rejimi terrora bu qədər meyillidir. İran rejimi insanlarını, vətəndaşlarını kütləvi şəkildə qətl edir, vətəndaşlarına qarşı terror həyata keçirir, fəalları gecə vaxtı evindən oğrayıb, aparır. İran həbsxanalarında terrorçu SEPAH təşkilatının nümayəndələri tərəfindən həbs olunan etirazçılar görülməmiş işgəncələrə, alçaldılmalara, təhqirlərə məruz qalır. Mən hesab edirəm ki, burada molla rejimi nə qədər günahkardırsa və bu etdiyi cinayətlərə görə yaxın zamanlarda cavab vermək məcburiyyətində qalacaqsa, bu proseslərdə həm də günahkar qeyd etdiyim qurumlar, dövlətlər, beynəlxalq təşkilatlardır. Məhz böyük türk birliyinin formalaşmasını özlərinin şərq siyasətlərinə təhdid kimi qiymətləndirən, güclü Türkiyənin, Azərbaycanın böyük türk birliyinin formalaşmasını öz maraqlarına ən böyük təhlükə kimi qiymətləndirən qərb dövlətləri İran rejiminin ayaqda qalmasına, xalq etirazlarının daha da genişlənib, İranda nəhayət ki, demokratik rejimin formalaşmasına, insanların azadlığa, demokratik dəyərlərə sahib olmasının qarşısını alır. Hesab edirəm ki, bu gün cinayətkar molla rejiminin ayaqda qalmasının əsas dəstəkçisi elə məhz qərbdir, BMT, BMT-də təmsil olunan BMT-nin siyasətini tam inhisara alan dövlətlərdir. Ona görə də, BMT-nin İnsan Hüquqları Şurasında "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda xüsusi sessiyanın keçirilməsini bir şou hesab edirəm. Öz simalarını qorumaq məqsədilə atılmış şou xarakterli, heç bir real tətbiq imkanları olmayan davranış kimi qiymətləndirirəm. Bunların heç biri İranda azadlığı uğrunda mübarizə aparan xalqlara, insanlara dəstəyə, köməyə şərait yaratmayacaq. Ona görə düşünürəm ki, bu qərar kağız üzərində qalacaq. Sadəcə həmin dövlətlərin BMT-nin simasını qorumaq üçün atmağa məcbur olduğu sıradan və sadəcə görüntü xatirinə atılan bir addımdır.
Bu gün İranda azadlıq, demokratiya, insan haqları uğrunda mübarizə aparan insanların yanında yalnız türk dünyası, xüsusilə də Azərbaycan dövləti, Azərbaycan xalqı və onun lideri dayanır. Bundan başqa təəssüf ki, İran xalqına dəstək verən heç kim yoxdur və bütün güclər, qüvvələr cinayətkar molla rejimi və onun rəhbərliyini dəstəkləyir. Onların hakimiyyətdə qalmasını, hakimiyyətlərini qoruyub saxlamasını və bununla da türk dünyasının böyüməsinə, birləşməsinə, güclənməsinə əsas alət kimi qiymətləndirirlər. Təəssüf ki, İran bu gün qərbin türk dünyasına, Azərbaycana qarşı apardığı mübarizənin bir aləti, vasitəsidir".
Röyalə Xəyal