Prezidentin Albaniya səfəri nə üçün əhəmiyyətlidir?- ÖZƏL

"Prezidentin Albaniya səfəri çox uğurlu səfər idi. Albaniya NATO-ya yeni üzv qəbul olunub. Uzun müddət Avropa İttifaqı Albaniyanı qəbul etmirdi. Yeganə böyük müsəlman dövləti idi ki, yaxına buraxılmırdı. Bu məsələdə də böyük "xidməti" Fransa göstərirdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib:

"Artıq Albaniya Avropa İttifaqına üzv olmaqla bərabər həm də NATOnun üzvüdür. Azərbaycan isə NATOnun tərkibində Türkiyə ilə birlikdə Əfqanıstandan çıxan son iki dövlətdən biridir. Uzun müddət ərzində Azərbaycan hərbi sistemində NATO səviyyəsində ordu yaratmaq fikrində olub. İlham Əliyevin rəhbərliyi ilə dünya standartlarına cavab verən ordu yaradılıb.

Albaniya səfəri təsadüfi seçilməmişdi. Albaniyadan TANAP layihəsi keçir. Albaniyanın bu məsələdə Azərbaycanı dəstəkləməsi çox önəmlidir. Albaniya-Azərbaycan münasibətləri çox yaxşıdır. Onların keçmiş dövlət başçısı da yaxın keçmişdə Bakı Forumunda iştirak etmişdi. Baş nazir isə rəsmi şəkildə ölkəmizə səfər edib, dövlət başçısı ilə görüşdü. Azərbaycan- Albaniya münasibətləri yeni müstəviyə keçir. İlham Əliyev Albaniyada səfərdə olarkən qaz sahəsində yeni layihə məsələsini gündəmə gətirdi.  Albaniyada strukturlar formalaşmayıb. Azərbaycan Albaniyaya investisiya qoymaq istəyir. Albaniyanın prezidenti bildirdi ki, eyni zamanda turizm, ticarət, mədəniyyət, kənd təsərrüfatı sahəsində kifayət qədər öyrənilməmiş məsələlər var. Yaradılan işçi qrupu hansı sahələrdə işlərin aparılması məsələsini gündəmə gətirdi.

Müsəlman və NATO ölkəsi kimi Albaniyanın Azərbaycanla yaxınlaşması prosesi sürətlənəcək. Çünki, prezident İlham Əliyev Avropa ölkələri ilə qurduğu münasibətlə Azərbaycanı Avropaya yüksək səviyyədə tanıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31