Albaniya Azərbaycanın haqlı davasında ona çox ciddi dəstək vermiş ölkələrdən biridir - ÖZƏL
17 Noyabr 2022 16:22 Siyasət"Azərbaycan Prezidentinin Albaniyaya səfəri istər iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıqlarının inkişafı istiqamətində mühüm addımdır, istər də çoxtərəfli əməkdaşlıq platformasında çox faydalıdır. Çoxtərəfli deyərkən Avropa İttifaqı, NATO istiqamətində olan əməkdaşlığı nəzərdə tuturam".
Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Albaniya Azərbaycan üçün onun haqlı davasında Dağlıq Qarabağ probleminin istər mövcud olduğu zaman, istər müharibə zamanı, istər müharibədən sonra çox ciddi dəstək vermiş ölkələrdən biridir. Biz bunu unuda bilmərik. Cənab Prezident də bunu qeyd etdi və biz bunu minnətdarlıqla xatırlayırıq. Çox sağ olsunlar ki, Azərbaycanın haqlı davasında Azərbaycanın yanında oldular.
Bundan əlavə Azərbaycan hazırkı situasiyada Avropanın enerji təchizatında çox mühüm bir rol oynayır. Belə deyək, Azərbaycanı aparıcı bir ölkə saya bilərik.
Bilirik ki, Rusiya qaz qiymətini bahalaşdırmışdı. Avropanın qışda obrazlı desək, "donmasının" qarşısını alan ölkələrdən biri və hətta birincisi Azərbaycandır. Albaniya da istər TAP-la bağlı, istər digər qaz, enerji dəhlizləri ilə bağlı məsələlərdə önəmli ölkələrdən biridir. İstər Albaniyadan kəmərlərin keçməsi baxımından, istər Albaniyanın özünün də bundan istifadə etməsi baxımından bizim üçün ciddi tərəfdaş, partnyordur.
Bu mənada bu səfərin də bu istiqamətdə çox faydalı olacağını düşünürəm. Azərbaycan bu istiqamətdə istər İtaliya, istər digər Balkan ölkələri ilə bir sıra əməkdaşlıq edir və o cümlədən Albaniya ilə də uğurlu olacağını düşünürəm.
Digər tərəfdən qeyd etdiyim kimi, Avropa və NATO ilə bağlı olan bir məqamdır. Çünki Albaniya da bir Avropa ölkəsidir və istər Azərbaycanın bu qurumlara inteqrasiyası, istər onlarda təmsilçilik imkanları və s. baxımından Albaniyanın da rol oynayacağına inanıram. Albaniya əgər haqlı davamızda bizim tərəfimizi tutursa, bu beynəlxalq təşkilatlarla bağlı çalışmalarda da dəstək olacağına, ədalətli mövqe sərgiləyəcəyinə inanıram.
Ümumilikdə prezidentin səfərini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, digər xarici ölkələrə səfərlərdə olduğu kimi, Albaniya ilə bağlı məsələdə də atılan addımlar, qarşılıqlı səfərlər, imzalanan sənədlər çox faydalı nəticələrə gətirib çıxaracaq".