Güclü Türkiyə kimlərin yuxusunu ərşə çəkib?- ÖZƏL

"Baş verən terror Türkiyəyə qarşı planlaşdırılmış xain saldırının tərkib hissəsidir. Türkiyə illərdir PKK və onun müxtəlif qollarının xain saldırılarına məruz qalır. Bir müddət idi ki, bu şəkildə terror dəhşəti yaşanmırdı. Görünür kimlərsə yenidən PKK-nın vasitəsilə, terror planlamaları ilə Türkiyəni sarsıtmaq, hazırda aparılan siyasi dəsti-xəttdən çəkindirmək niyyətindədir. Çünki PKK illər öncə olduğu qədər güclü deyil. Sıxışdırılıb, imkanları əlindən alınıb, hər zaman başında türk yumruğunu hiss edir. Amma bu illər ərzində PKK-nı gücləndirib Türkiyəni iç terrorla məşğul etmək istəyənlər də öz niyyətlərindən geri durmayıblar. Baş verən terror hadisəsi bunu bir daha təsdiqlədi.
İstanbulda törədilən terrorun müxtəlif məqsədlərinin olduğu təbiidir. Bu terror Türkiyə dövlətinin başını daxili problemlərlə qatmaq cəhdidir.  Çünki Türkiyə bu gün dünya siyasətinin açar dövlətlərindən biridir. Dünya düzənini yönəltmək qədər qüvvətlidir. Rusiya-Ukrayna müharibəsi fonunda baxsaq görərik ki, taxıl dəhlizi ilə dünyanı aclıqdan xilas edir. Güclü Türkiyə kimlərinsə yuxusunu ərşə çəkib". 

Bu sözləri Olaylar.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib. 
"Bu terrorun Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının zirvə toplantısınını keçirilməsindən bir neçə gün sonraya təsadüf etməsi də diqqətdən qaçmamalıdır. Türkiyə türk dünyasının lider dövlətinə çevrilir. Bütün türk cümhuriyyətlərini imperiya xislətindən imtina edə bilməyən ölkələrin basqısından qoruyur. Onlara qarşı dirəniş göstərir, hərbi sənayesi inkişaf edir. Bu isə o dövlətləri qane etmir. Ona görə də Türkiyəyə qarşı xain planlar hazırlanır. Xain saldırıları hazırlayan təkcə PKK deyil. Bu terror örgütünə dəstək verən ölkələr də, beynəlxalq terror qruplaşmaları da mövcuddur. PKK-nı alət kimi istifadə edirlər. Təbii ki, PKK-nın məqsədi də Türkiyəni yox, etmək, onu parçalamaqdır. 
Digər bir məqam isə seçki məsələsidir. Türkiyənin siyasi mühiti hazırda çox dinamikdir. 2023-cü ilə, Prezident və parlament seçkilərinə hazırlıq gedir. Siyasi meydan aktivdir. Rəsmi olmasa da, siyasi partiyalar indidən seçim kampaniyasına start verib. Bu kimi terror aktları ilə xalqda inamsızlıq, güvənsizlik yaratmaq, hökumətə etimadsızlıq formalaşdırmaq cəhdləri də hiss olunur. Terroru PKK-nın törətdiyi artıq rəsmi təsdiqini tapıb. Dövlət rəsmiləri açıqlamalarında bu terrorla hansı mesajın verilməsini də bildiklərini qeyd edirlər. 
Bu, PKK-nın təkbaşına həyata keçirdiyi terror deyil. PKK indi ötən əsrin 80-9-cı illərindəki gücdə və səviyyədə deyil. Bu terror birmənalı olaraq müxtəlif ölkələrin və beybnəlxalaq terror örgütlərinin planlaşdırdığı terrordur.
Təbii ki, Türkiyə böyük və güclü ölkədir. Bu kimi xainliklərə də ilk dəfə məruz qalmır. Amma hər dəfə qələbəylə çıxıb və düşmənləri, xainləri cəzalandırıb. Yenə də elə olacaq. PKK da, onu bu saldırıda maddi vəsaitlə təmin edənlər də, silah verənlər cəzasını alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31