Şuşadan Ermənistanın havadarlarına sərt mesaj
11 Noyabr 2022 10:50 Siyasət"Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır"
Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günün münasibətilə Şuşadakı çıxışında bir çox vacib məqamlara toxundu. Şanlı zəfərə gedən yolda Azərbaycanın əldə etdiyi uğurlardan, həyata keçirilən uğurlu daxili və xarici siyasətdən geniş bəhs etdi. Qəhrəman Azərbaycan ordusunun müharibədə böyük şücaət göstərdiyini, Azərbaycan xalqının vahid yumruq kimi birləşərək şanlı tarix yazdığını xüsusi vurğuladı. Prezident İlham Əliyev qeyd edib ki, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik: "Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq".
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışındakı fikirlər Ermənistana, bu ölkənin havadarlarına, Ermənistanın cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır: "Reallıq ondan ibarətdir ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir. Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ermənistan tez bir zamanda bütün təxribatlara son qoymalıdır. Ermənistan və havadarları bilməlidirlər ki, əgər təxribatlar davam etsə, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Azərbaycan heç zaman Ermənistanın təxribatlarına göz yummayacaq. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Prezidentin çıxışındakı digər bir mühüm məqam isə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırmasıdır. Bu gün Qarabağdakı ermənilər Ermənistana rahat şəkildə gedib-gələ bilirlər. Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkib. Əgər bu gün ermənilər Qarabağa rahat gedib-gəlirlərsə, deməli azərbaycanlılar da Naxçıvan Muxtar Respublikasına rahat gedib gəlməlidirlər. Ermənistan bunun üçün şərait yaratmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməldir. Sözügedən razılaşmada açıq şəkildə bəyan olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılacaq. Ancaq təəssüf ki, bu günə kimi bu məsələ həll olunmayıb. Ermənistan hərbçilərinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də Qarabağda olduğunu görürük".
Prezident İlham Əliyev çıxışında həmçinin, Ermənistanla sıx əməkdaşlıq və İrəvana himayədarlıq edən müsəlman dövlətlərinə, xüsusilə də İrana aydın mesaj ünvanladı: "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır". Millət vəkili qeyd edib ki, müsəlman ölkələrin rəhbərləri nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycana qarşı çox sayda vəhşiliklər törədib, ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərdə məscidləri dağıdıblar, İslam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv ediblər, talayıblar: "Müsəlman ölkəsi başçısının belə bir əməllər törədən Ermənistanın rəhbərini qucaqlaması, onunla öpüşməsi qəbuledilməzdir. Özünü müsəlman hesab edən bir dövlətin lideri bu addımı atmamalıdır. Sonda vurğulamaq lazımdır ki, Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı, Zəngəzur dəhlizi mütləq açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə nəzərə almalıdır".
Alim