Prezidentin Şuşada diqqət etdiyi 3 vacib məqam
11 Noyabr 2022 10:32 SiyasətAzərbaycan tarixi zəfərin ikinci ilkdönümünü qeyd etdi. Mədəniyyət paytaxtımız Şuşadan başlayan Zəfər bayramı bütün ölkəni, hətta respublikadan kənarda da qeyd edildi.
Bu ilki Zəfər bayramı mütəşəkkiliyi, rəngarəngliyi ilə yanaşı Azərbaycana qənim kəsilən xarici dairələr, Ermənistana himayədarlıq edən ayrı-ayrı dövlətlərə ünvanlanan xəbərdarlıqlarla da yadda qaldı. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dilindən sələndirilən xəbərdarlıqlarla.
Qeyd etdiyimiz kimi Prezident İlham Əliyev Şuşada keçirilən bayram tədbirində çıxışı zamanı bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı çıxışında üç əsas məqama diqqət çəkib. Daha dəqiq desək prezident İlham Əliyev Azərbaycanı hədəf seçən tərəflərə öz ciddi xəbərdarlıqlarını edib.
Dövlət başçısının ilk xəbərdarlığı Ermənistana və bu ölkədə baş qaldıran revanşistlərə olub. Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: "Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il "Fərrux" əməliyyatı, "Qisas" əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev qarşı tərəfin də tamamilə fərqli mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb: "Biz, sadəcə olaraq, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq".
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Lakin qarşı tərəf bu öhdliyə də hələlik əməl etmir, keçən iki il ərzində dəhlizin açılması ilə bağlı heç bir addım atmayıb. Ermənistandan fərqli olaraq isə Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində bir çox addımlar atıb. Eyni zamanda rəsmi Bakı bu dəhlizi açmaqda israrlıdır və onu həyata keçirmək üçün bütün mümkün variantlardan istifadə edəcək. Ancaq bu proses qarşılıqlı anlaşma və güc tətbiq etməməklə baş tutsa daha yaxşı olar. Çünki Azərbaycanın səbri tükənməz deyil: " Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?"
Dövlət başçısının çıxışı zamanı diqqət yetirdiyi ikinci vacib məqam işğalçı Ermənistana bəzi müsəlman ölkələrinin dəstək verməsi ilə bağlı idi. Bu kimi hallarla işğal illəri boyunca müntəzəm olaraq qarşılaşdığımızı diqqətə çatdıran Prezident İlham Əliyev bunu riyakarlıq kimi xarakterizə edib. Azərbaycan Prezidenti haqlı olaraq qeyd edib ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Buna görə də məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz: "Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik".
Prezident İlham Əliyevin çıxışında diqqət etdiyi üçüncü vacib məqam bölgədə gərginlik yaratmaq istəyən, Ermənistana havadarlıq edib ona dəstək verən bu və ya digər dövlətlərlə bağlı idi. Konkret olaraq Azərbaycan Prezidenti açıq şəkil də həmin qüvvələri, xarici dövlətləri xəbərdar edirdi ki, bu yalnış əməllərindən əl çəksinlər və əks təqdirdə qarşılarında Azərbaycan Ordusunu görəcəklər: "Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur". İlham Əliyev açıq şəkild bəyan edib ki, biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik: "Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək".
Ona görə də Ali Baş Komandanın dediyi kimi biz bütün situasiyalara hazır olmalıyıq. Çünki aradan iki il vaxt keçsə də, nə Ermənistan daxilindəki revanşist qüvvələr, nə də onlara dəstək verən xarici dairələr öz məkirli niyyətlərindən əl çəkmir, separatçıları, revanşistləri silahlandırmaq, onlara hansısa formada dəstək verməklə yenidən Azərbaycana qarşı mübarizə aparmaöa sürükləyir, bununla da regionda gərginliyi artırmağa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar: "Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq".
Süleyman