Cənubi Qafqazda sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması rəsmi Bakının prioritetidir

Ermənistan bir tərəfdən üzdə danışıqlar prosesinə sadiq qaldığını nümayiş etdirib müxtəlif formatda keçirilən görüşlər, müzakirələrə qatıldığı halda, digər tərəfdən sərhəddə davamlı olaraq təxribatlar həyata keçirir, atəşkəs rejiminə əməl etməyərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyur. Artıq son bir neçə gündə bir neçə dəfədir ki, Azərbaycan Ordusu sərhəddə erməni təxribatları ilə üz-üzə qalır. Paralel olaraq siyasi aspektdə də Azərbaycan təxribata cəlb edilir. Separatçı rejimin son vaxtlar yenidən fəallaşması, iş adamı Ruben Vardanyanın separatçıların dövlət naziri "təyin olunması" onu deməyə əsas verir ki, ermənilər hələ də "Dəmir yumruq"dan nəticə çıxarmayıblar. Əks halda istər siyasi, istərsə də hərbi müstəvidə yenidən Azərbaycanı qıcıqlandıran, onun maraqlarına zidd olan addımlar atmaz, təxribatlar törətməzdilər. Bütün bu baş verənləri analiz etdikdə belə qənaətə gəlmək mümkündür ki, yaranmış vəziyyət və getdikcə artan erməni təxribatları isə Azərbaycanı yenidən 12-13 sentyabrda olduğu kimi adekvat tədbirlər görmək məcburiyyətində qoyur. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da bunu istisna etmir. Onun sözlərinə görə, Zəfər bayramı günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşadan ermənilərə ünvanladığı xəbərdarlıq da təsadüfi deyil: "Bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri adekvat cavab tədbirləri görüblər".

Ekspert deyir ki, adətən Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli təmaslardan, o cümlədən prezidentlərin və xarici işlər nazirlərinin görüşlərindən sonra belə təxrtibatlar baş verir: "Bu mənada sonuncu provokasiya da təəccüblü deyil. Bu, hər şeydən əvvəl əlaqələrin normallaşmasına qarşı sabotaj cəhdi kimi qiymətləndirilməlidir. Məsələ ondan ibarətdir ki, bu, ilk belə hal deyil. Əvvəllə də dəfələrlə oxşar durumlar təkrarlanıb. Təxribatları Ermənistan hərbi-siyasi hakimiyyətinin də, tərəflər arasında normallaşma əlaqələrinə mane olmaq istəyən üçüncü qüvvələrin, o cümlədən Rusiyanın da törətməsi mümkündür. Lakin istənilən halda məsuliyyəti rəsmi İrəvan daşıyır. Əgər Ermənistan baş naziri Nikol Paşinyan bu məsuliyyətdən azad olmaq istəyirsə, siyasi iradə nümayiş etdirməlidir. O, başa düşməlidir ki, istənilən sabotaj cəhdi etimad mühitinə zərbə vurur. Bu isə ən çox Ermənistanın özünə ziyandır".

Kənan Novruzovun sözlərinə görə, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başladığı vaxt adətən düşmənin təxribatlarının intensivləşdiyi dövrə təsadüf edir: "44 günlük Vətən müharibəsində də belə olmuşdu. Əslində həm İrəvan, həm də onun havadarları bu faktdan dərs çıxarmalı və başa düşməlidir ki, odla oynamaq olmaz. Dediyimiz kimi, təxribatları kimin- Ermənistan hərbi -siyasi hakimiyyətinin və ya üçüncü tərəflərin törətməsinin bizim üçün ciddi fərqi yoxdur. Biz öz işimizi görəcək, adekvat cavablar verəcəyik".

Mərkəz eksperti onu da diqqətə çatdırıb ki,  Cənubi Qafqazda sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması rəsmi Bakının prioritetidir: "Bunun üçün İrəvana dəfələrlə çağırış edilib. Niyyətimiz hər kəsə, eləcə də region ölkələrinə bəllidir. Biz dövlətçilik və milli maraqlarımızın təmin olunması istiqamətində uğurlu addımlar atmaqla yanaşı, həm də istənilən maneəni dəf etməyə hazırıq. Ərər sabotaj cəhdləri davam edərsə, Azərbaycan ordusu Xankəndiyə girməyə, Qarabağdakı qanunsuz hərbi birləşmələrini ərazidən çıxarmağa məcbur olacaq. Ermənistan və onun havadarları bunu istəmirlərsə, Prezident İlham Əliyevin dediyi kimi, odla oynamamalıdırlar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31