Sülh müqaviləsinin imzalanması üçün yaxın gələcəkdə ölkə müəyyən etmək məsələsi ortaya çıxarsa...

Məlum olduğu  kimi, bu günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan görüşüb. Nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib. Görüşlə bağlı öncə qeyd etmək lazımdır ki, görüşdə hər hansı bir sənədin imzalanmayacağı əvvəldən hər kəsə məlum idi. Çünki Azərbaycanla   Ermənistan arasında tarixi sülh müqaviləsinin bağlanması ətrafında danışıqlar gedir və bu müqavilənin və ya bu müqavilə ilə bağlı hər hansı bir sənədin Xarici İşlər Nazirlərləri səviyyəsində imzalanacağını düşünmək sadəlövhlük olardı. Elə isə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşünü təşkil etmkdə məqsədi nə idi və o qarşıya qoyduğu məqsədə nail ola bildimi? Blinken Xarici İşlərlə Nazirləri ilə bir araya gələrək hansı məsələləri müzakirəyə çıxara bilərdi? Görüşün nəticələri Azərbaycan üçün nə dəcədə əhəmiyyətlidir?

Politoloq Əlimusa İbrahimov qeyd edib ki, əslinə qalanda Amerika Birləşmiş Ştatları Azərbaycanla  Ermənistan arasında sülh müqaviəsinin imzalanması mərasiminə böyük məmnuniyyətlə ev sahibliyi edər və bununla da uzun müddət davam edən münaqişənin  sona çatdırılmasına xidmət etdiyinə görə qürrələnərdi: "Amma bu vəzifəni yerinə yetirmək və sülh müqaviləsinin imzalanmasında rol almaq üçün sülhə xidmət etmək və bu mövqeyi qazanmaq lazımdır. Amerika Birləşmiş Ştatları isə 30 il müddətində  nə ATƏT-in Minsk Qrupu tərkibində, nə də ayrılıqda fövqəldövlət kimi iki Cənubi Qafqaz  Respublikası  arasında gedən münaqişəni həqiqətən yatırmaq üçün əməli iş görməyib. Onun bu müddət ərzində vəzifəsi erməni lobbistlərinin mənafeyinə xidmət edərək müharibəni daha da qızışdırmaq üçün ermənilərə maddi, mənəvi, siyasi yardım göstərmək və Azərbaycanı tənqid etmək olub. Bu nə vasitəçi kimi, nə də aparıcı dövlət kimi Amerikanın nüfuzunun artmasına kömək etməyib. Düşünürəm ki, sülh müqaviləsinin imzalanması üçün əgər yaxın gələcəkdə ölkə müəyyən etmək məsələsi ortaya çıxarsa bu ölkə Amerika Birləşmiş Ştatları olmayacaq, heç Fransa da".

Elə isə Amerikada keçirilən görüşdən ciddi əhəmiyyət gözləmək olardımı? Politoloq hesab edir ki, Blinkenin Xarici İşlər Nazirləri ilə görüşü dövlət rəhbərlərinin Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Soçidə keçirdiyi üçtərəfli görüşdən daha faydalı oldu: "Çünki Soçidəki görüşdə Rusiya Prezidenti Putin "status" məsələsini ortalığa atmaqla görüşün təşkil olunması üçün çəkdiyi bütün əziyyəti yerə vurdu və Soçi görüşü  sıfır nəticə ilə bitdi. Böyük ehtimalla Blinken Soçi görüşündən nəticə çıxararaq Rusiyanın etdiyi səhvi təkrar etmədi  və erməni tərəfini gələcək danışıqlarda- xüsusən Brüsseldə bu ayın sonunda keçiriləcək dövlət rəhbərlərinin görüşünü nəzərdə tuturam- daha konstruktiv mövqe tutmağa məcbur cəhd etdi. Amma nəzərdə tutduğu məqsədinə tam nail ola bilməyən baş diplomat Brüssel görüşünə qədər xarici işlər nazirlərinin görüşünün bir daha keçiriləcəyi anonsunu verdi. Əldə olan məlumatlara görə Vaşinqton görüşündə nazirlər sülh müqaviləsinin təklif olunan variantları barədə  fikir mübadiləsi aparıb, hələ də razılaşdırılmamış bir sıra məsələlərın üzərində işləmək üçün ölkələrinə qayıtmışlar. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəliklərsadiq qaldıqlarını bəyan edib və sülh müqaviləsinin imzalanmasına alternativ olmadığını vurğulamışlar. Onlar danışıqları son nəticəyə qədər intensivləşdirmək məqsədi ilə  və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Burada artıq görüşün əhəmiyyətinə toxunmaq zəruridir. Münaqişələrin həll olunmasına istiqamətlənən istənilən görüş faydalıdır və ümumi nəticənin hasil olmasına xidmət edir. Bu baxımdan Bayramov-Mirzoyan arasında Vaşinqtonda keçirilən görüşü də istisna etmək olmaz. Bu görüş dövlət rəhbərlərinin Avropa İttifaqı Komissiyasının Prezident Şarla Mişelin vasitəçiliyi ilə Brüsseldə yaxın günlərdə keçiriləcək müzakirələrə hazırlıq mərhələsi kimi də qiymətləndirmək olar. Blinken baş diplomatları sülh müqaviləsini Vaşinqton sənədi ilə daha yaxından tanış etmək üçün Amerikaya dəvət etmişdi və öz ölkəsinin müharibəni bir an tez bitirmək üçün lazım gələn hər şeyi etmək fikrində olduğunu onlara çatdırdı. Xüsusilə erməni tərəfini  Rusiya variantından əl çəkməyə məcbur etmək də Blinkenə həvalə olunmuşdu. Biz keçirilən bu formatlı görüşlərin  əks-sədasını Brüsseldə keçiriləcək zirvə görüşündən sonra hiss edəcəyik. Azərbaycan tərəfi Blinkenin təşkil etdiyi görüşdən razı kimi görünür. Bu barədə rəsmi açıqlama olmasa da Azərbaycan xarici işlər Nazirinin bədən dili hər şeyi ifadə edir. Müsbət  əhval - ruhiyyənin hakim olmasına baxmayaraq Ermənistan yenə də sərhəddə və Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarda  atışmaları davam etdirir. Atəşkəsin ermənilər tərəfindən pozulmasının nə vaxta qədər davam edəcəyi məlum olmasa da onların başına dəmir yumruğun enəcəyi gün uzaqda deyil. Bəlkə bundan sonra  öz qılıqlarına çəkilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31