İlham Əliyevin xəbərdarlıq və ismarıcları öz müsbət nəticələrini verəcək
11 Noyabr 2022 10:41 SiyasətArtıq həm özəl günlər, həm də dövlət üçün əhəmiyyətli hesab olunan tarixləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqın arasında, xalqla bir yerdə keçirməyi ənənə halını alıb. 44 günlük Vətən müharibəsindən sonra isə bu tendensiya daha da çoxalıb. Şəhər və rayonlarımızın düşmən azad edildiyi tarixləri Ali Baş Komandan kimi əsgərləri ilə bir yerdə qeyd etməyi özünə borc bilən dövlət başçısı Zəfər bayramında da bu ənənəyə sadiq qaldı və tarixi qələbəmizin iki illiyini Şuşada əsgər və zabir heyəti ilə birlikdə qeyd etdi. Mədəniyyətimiz paytaxtında keçirilən bayram tədbirində çıxış edən prezident İlham Əliyev buradan həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıq etməkdən də çəkinmədi. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da deyir ki, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı bir çox subliminal, sətiraltı və ya tam açıq mesajlar verdi. Partiya sədri bildirib ki, hər kəs bu mesajlardan özünə lazım olanını və yaxud, özünə aid olanı götürsün: "Əlbəttə ki, həmin mesajlar ilk növbədə işğalçı Ermənistana, Azərbaycanın Xankəndi şəhərindəki erməni separatçılarına və bütövlükdə revanşistlərə havadarlıq edən xarici güclərə ünvanlanıb. Dövlət başçımız hər kəsə konkret mətnlə bildirdi ki, ölkəmizin daxili işlərinə burunlarını soxmasınlar. Qarabağdakı ermənilərin gələcək taleyi ilə bağlı atılası addımlar da bizim daxili işimizdir. Və buna nə Fransanın, nədəki ABŞ və İranın qarışmağa ixtiyarı yoxdur. Hətta Rusiya sülhməramlıları da separatçı ermənilər üçün sipər rolunu, qoruyucu rolunu oynaya bilməzlər. Çünki Qarabağ bizim torpağımızdır və dövlət başçımız da qeyd etdi ki, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir. Ona görə də ermənilər heç kimə bel bağlamamalıdırlar".
Əlisahib Hüseynov qeyd edib ki, İlham Əliyevin çıxışında son vaxtlar ölkəmizə qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdən və sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirən İran da öz payını aldı: "Bəli, bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilməlidirlər ki, bizi heç kim qorxuda bilməz. İranın fars-molla rejimi molla təfəkküründən əl çəkib reallıq hissinə qayıtmalı və Azərbaycanın gücünü düzgün qiymətləndirməlidir. "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur", - deyə bəzi müsəlman ölkələrinin riyakarlığını hədəfə alan Prezidentimizin bu fikirləri də əslində ilk növbədə məhz İrana ünvanlanmışdı. Çünki işğalçı gəlmiş-keçmiş və hazırkı rəhbərlərini ən sıçaq formada qarşılayan, onları qucaqlayıb öpən də məhz qonşu İran rəhbərləridir".
MHP sədri deyib ki, Azərbaycan Prezidentinin Zəfər çıxışında Ermənistanın bəzi xarici havadarlarının obrazlı dildə banlayan xoruzlarlarla müqayisə edilməsi də lap yerinə düşdü: "Belə ki, İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər, lakin onların cavabı verilib və yenə də nəsə banlasalar, yenə də cavablarını veriləcək. Dövlət başımızın "Biz ədalətli insanlarıq və ədalətli ölkəyik, biz sülh istəyirik" sözləri əslində xalqımızın böyüklüyünü, müdrikliyini, dövlətimizin sülhpərvərliyini ən yaxşı şəkildə tərənnüm və təcəssüm etdirən mükəmməl açıqlamadır. Azərbaycanı, Azərbaycan xalqını yaxından tanımaq istəyən hər bir kəs üçün bu bircə cümləni diqqətlə nəzərdən keçirmək, zənnimcə, yetərlidir. Daim təcavüzkarlığa, terrrorçuluğa, separatçılığa meylli olan ermənilərdən fərqimiz və üstünlüyümüz də elə bundadır. Bizim gücümüz sülhsevərliyimizdədir. Prezident İlham Əliyev əksər çıxışlarında olduğu kimi bu çıxışında da Ermənistan rəhbərliyini ədalətli sülhə çağırdı və növbəti dəfə xəbərdarlıq etdi: "Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək".
Əlisahib Hüseynovun qənaətincə, İlham Əliyevin bu xəbərdarlıq və ismarıcları yəqin ki, öz müsbət nəticələrini verəcək: "Qan tökülməsini istəməyən qüvvələr Azərbaycan Prezidentinin bu çağırışlarını düzgün dəyərləndirməli və Ermənistanı revanşizmdən, pozucu davranışlardan çəkindirməyə çalışmalıdırlar".
Süleyman