44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edildi
5 May 2022 15:27 SiyasətİSTİQAMƏT-Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sağlam siyasi və iqtisadi mühitin formalaşmasının təminatçısına çevrilib. 30 il işğal altında qalan torpaqlarımızın erməni silahlı qüvvələrindən təmizlənməsi bunun üçün münbit şərait yaradıb. Azərbaycan erməni terrorçu qruplaşmalarının işğalçı xislətinin nəinki bölgə, eləcə də bütün dünya üçün təhdid olduğunu nəzərə alaraq beynəlxalq təşkilatların qərarlarının icrasını haqq etdi. Beləliklə, onilliklərlə dünyada təhlükəli tendensiyaların vüsət almasında maraqlı qüvvələrin niyyətlərini puça çıxarmış oldu. Məlum olduğu kimi Azərbaycanın işğal olunmuş ərzilərinin boşaldılmasına dair qətnamələr əsas istinad edilən sənəd kimi faktiki icra olunmamış qalmışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bu qətnamələri özü icra etdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qeyd edib ki, işğal altənda olan torpaqları Azərbaycan təkbaşına hərbi-siyasi yollarla həll edib: "Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq. Biz müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişik. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 10-da - noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək. Halbuki əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi. Mən müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu. Ancaq məcburən bunu etdilər. Qırx dörd gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı və biz bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıq. Beləliklə, biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Yenə də deyirəm, təkbaşına, heç bir vasitəçi olmadan".
Artıq İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipdən ibarət təkliflər paketi təqdim edib. Heç şübhəsiz ki, qarşı tərəfin nəhayət ki, buna pozitiv yanaşaraq təklifləri qəbul etməsi Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil etdiyi kimi, həm də, regionda yaranacaq uzunmüddətli və dayanıqlı sülhün əsasını təşkil edəcək. Bu sülh Qarabağda yaşayan ermənilərin vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilmələrinə şərait yaradacaq. Əlbəttə bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq yüz minlərlə azərbaycanlı ilə qonşuluq şəraitində yaşamalı olduqları reallığını anlamalıdırlar. Məlum olduğu kimi Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Odur ki, Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir və ümid edir ki, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları olaraq yaşamaqla onların da bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayacaqlar. Beləliklə, Azərbaycan həmişə olduğu kimi, bu gün də humanist mövqeyini ortaya qoyub. Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı hesab edir ki, Ermənistanın reallıqları qəbul etməsi prosesi sürətləndirə bilər: "Bu gün Ermənistan rəhbərliyindən, Nikol Paşinyanın yaxın çevrəsindən, həm də oradakı revanşistlərdən gələn kifayət qədər ziddiyyətli mövqelər sərgilənməsi hər bir halda Ermənistanın ziyanınadır. Daim sürüşkən mövqe sərgiləməklə prosesləri uzatmağa can atan ermənilər bir tərəfdən sülh sazişi imzalamaq öhdəliyi və hazırlığı bəyan edir, digər tərəfdən isə Yerevanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq istəməməsi kimi şərh oluna biləcək bəyanatlar verirlər.Yəni, ermənilərin təhlükəsizliyi ilə bağlı tezis yenidən önə çəkilir, yenə deyirlər ki, Azərbaycan hansısa izahat verməlidir. Lakin tarix və reallıqlar öz sözünü demiş və deyəcəkdir. "Dəmir yumruq" qüvvəsində qalır və Ermənistan bunun hansı nəticələr verəcəyini gözəl bilir. Onlar həm də anlayırlar ki, Azərbaycanla sülhün bərpası məhz Ermənistanın inkişafına təkan verəcək, dünyada gedən qlobal prosesdən təcrid olunma sona çatacaqdır". Deputat qeyd edib ki, Azərbaycanın bu mübarizədə bir yolu var- haqq və ədalət: "Biz kimsənin nə torpaqlarına, nə də sərvətinə göz dikməmişik. Biz sülh, əmin amanlıq şəraitində yaşamaq, öz potensialımızdan səmərəli istifadə etməklə iqtisadi və sosial inkişafa nail olmaq istəyirik və buna nail də olacıq. Bu gün Qarabağda aparılan bərpa-quruculuq işləri, qısa zamanda bütün ərazinin elektrik təminatının bərpa edilməsi, Zəngəzur dəhlizi üçün magistralların tikilməsi, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin sürətlə həyata keçirilməsi ideyaların reallığa çevrilməsi yolunda mühüm addımdır. Təəssüf ki, erməni vandalizminin nəticələrinin aradan qaldırılması yönündə hələ də ciddi çətinliklər var. Torpaqlarımızdan "Dəmir yumruq" sayəsində çıxmaq zorunda qalan işğalçılar əraziləri minaladığından xeyli hərbiçi və mülki vətəndaşın yaralanmasına və həlak olmasına bais olmuşlar. Lakin dünya bu vəhşiliyə nəinki susmaqla qalır, həm də minalardan təmizləmə işində heç bir dəstək göstərmir. Bu da tarixin ironiyasıdır. Qondarma "erməni abidələrinin" qayğısını çəkən, onların dağıdılacağı əndişəsi ilə narahat olan UNESKO dağılmış məscidləri, kilsələri, çoxlu tarixi abidələri görməzdən gəlir və hətta bunu görməmək üçün min bir bəhanələrə əl atır. Avropanın bir çox ölkəsində, Amerikada güclü fəaliyyət göstərən erməni diasporu yenə də hər vəchlə sülh prosesinə əngəl törətməkdə davam edir. Çünki münaqişənin uzanması onların bir növ "çörək ağacı"dır". Millət vəkili Tahir Rzayev qeyd edib ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının, ATƏT - in Minsk qrupunun, ATƏT - in Parlament Asambleyasının fəaliyyətindən razı qala bilməz. Çünki bu beynəlxalq təşkilatlar Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldığı bir müddətdə öz öhdəliklərinə, qəbul etdiyi qərar və qətnamələrə əməl etməmiş, hadisələrə ikili standartlardan yanaşmış, Ermənistanı təcavüzkar bir dövlət kimi torpaqlarımızdan çıxmağa vadar etməmişlər: "Onların həyata keçirilməli olduqlarını nəhayət Azərbaycan rəhbəri, müzəffər ordumuz, qəhrəman xalqımız görməyə müvəffəq olmuş və Ermənistan ordusunu darmadağın edilərək torpaqlarımızdan qovulmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti beynəlxalq təşkilatlarla münasibətlərin sağlamlaşdırılmasına və genişləndirilməsinə səbirlə, təmkinlə, ağılla yanaşmağı və lazımı nəticələrin əldə edilməsi, milli maraqlarımızın qorunması üçün atılan hər bir addımın dəyərləndirilməsini vacib hesab edir və bundan sonra da bu istiqamətdə fəaliyyəti davam etdirməyi qarşıya məqsəd qoyur. Çünki bu dünya dövlətləri tərəfindən dəstəklənməyimiz, dövlətimizin imici üçün çox vacibdir".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir