“Ermənistanda süni “inqilab” ssenarisi...
5 May 2022 11:06 SiyasətEtirazçılar Paşinyanı devirə biləcəklərmi?
Mayın əvvəlində Azərbaycan və Ermənistan nümayəndələrinin Brüsseldə görüşünün planlaşdırıldığı bildirilir. Görüşün detalları açıqlanmasa da mümkündür ki, bu, sülh sazişinin hazırlanması üzrə nümayəndə heyətinin ilk görüşü olsun. Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın "statusu"nun arxa plana keçməsi haqda verdiyi açıqlam bu ölkədə siyasi çaxnaşma yaradıb. Belə ki, sözügedən açıqlamadan sonra İrəvanda oturaq aksiyaya başlayan müxalifət baş nazirin istefası tələbini irəli sürüb. Maraqlıdır, Ermənistanda baş verən siyasi proseslər nə vəd edir, müxalifət Paşinyanı devirə biləcəkmi? Siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, "Ermənistanda süni "inqilab" ssenarisi işə salınıb: "Belə ssenarilərdən adətən gərginliyin azaldılması, real etirazçı kütlənin sayının müəyyənləşdirilməsi, fəal şəxslərin, yaxud qrupların nəzarətdə saxlanılması və yaxud neytrallaşdırılması, son nəticədə müqavimətin qırılması və ya azaldılması üçün istifadə edilir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin etirazçıların parlamenti ələ keçirmək niyyətində olduqları barədə açıqlaması da təşkilatçılara qarşı sərt tədbirlərin həyata keçiriləcəyi ehtimalını yaratmaqla yanaşı, həm də təhrikedici, stimullaşdırıcı xarakter daşıyır. Ola bilsin ki, 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyannamənin imzalanmasından sonra gerçəkləşən "parlamentə hücum" ssenarisi yenidən təkrarlansın və bununla da həm revanşçılar, əslində olmayan "sifətlərini" qorusunlar, həm də hökumət istədiyinə nail olsun".
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda davam edən rəvanşist qüvvələrin etiraz aksiyaları kütləvi hal alması mümkün deyil. Çünki Ermənistan əhalisi bu etirazlara dəstək vermir. Əgər, etirazlar davamlı olarsa və Nikol Paşinyan təhlükə görərsə Respublika meydanında geniş kütlənin dəstəyi ilə mitinq edəcək: "Küçə inqilabının və kütləni idarə etmək bacarığına malik olan N. Paşinyana R. Koçaryan, S. Sarkisyan, A. Vanatesyan və etirazlari idarə edən vitse-spiker A. Saqatelyan qalib gələ bilməyəcək. Ümumiyyətlə rəvanşistlər və Qarabağ klanı küçə mitinqlər etmək təcrübəsina malik deyillər və onlar indiki taktikani N. Paşinyandan öyrəniblər. Bu qrup yalnız silahlı yolla və cinayətlə hakmiyyəti zəbt etməyi bilir. Bu etirazlarin arxasında Rusiya durur və proseslərin qarşısı alınmasa bu cinayətkar qrup silaha əl ata bilər. Əsas məqsəd Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır. Amma, bacarmayacaqlar".
Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, aksiyada diqqətçəkən məqam müxalifətin Paşinyanı "öz silahı" ilə vurmaq cəhdidir: "2018-ci ildə Nikol məhz İrəvanda yürüşlər keçirməklə küçələri bloklayırdı, eyni taktikanı indi ona qarşı istifadə edirlər və "Fransa meydanı"nın seçilməsi də eyni ssenarinin tətbiqinə hesablanıb. Hərçənd, hakimiyyətin əli daha güclü görünür və proseslərin dəyişikliyə səbəb olacağı ehtimalını azaldan səbəblər var. Bu səbələr aşağıdakılardan ibarətdir: "Etirazçıların sayı lazım olan qədər deyil: mayın 1-də aksiyada 15 min insan iştirak edib, mayın 3-də keçirilən aksiyada isə 5 mindən bir qədər çox; müxalifət küçələri bloklamaqla gündəlik həyatı dayandırmaq və insanların etiraza qoşulmasına nail olmaq planını tətbiq etməyə çalışır; hakimiyyət buna qarşı ciddi dirəniş göstərir; Qərbin Paşinyana dəstəyi hakimiyyətə inzibati resurslardan geniş istifadə etmək imkan yaradır: polisin sərt müdaxiləsi və bölgələrdən gələn etirazçıların qarşısı alınır; Etiraz sosial yox, Qarabağ məsələsindən qaynaqlanır və sosial problemlərə görə keçmiş hakimiyyəti devirən ermənilərin əksəriyyəti indiki aksiyalara neytral qalmağa üstünlük verir; Müxalifətin tələbləri və açıqlamalarından yeni müharibə qoxusu gəlir: son parlament seçkilərində Paşinyanın seçilməsi ermənilərin böyük hissəsinin yenidən müharibənin olmasını istəmədiyini, ən azı indi istəmədiyini təsdiqlədi və bu situsiya fonunda etirazların kütləviləşəcəyi gözləntisi azdır; Erməni əhalisi keçmiş klan hakimiyyətlərinə - Sarkisyan və Koçaryana yenidən "yaşıl işıq" yandırmaq istəmirlər; Erməni kilsəsi və erməni diasporu proseslərə açıq dəstək vermir: bunun səbəbləri arasında Qərb ölkələrinin Paşinyana dəstəyi də yer alır". Onun sözlərinə görə, Rusiyanın etirazda maraqlarının olduğu bəllidir və iki məqam bu fikri gücləndirir: "Birincisi, aksiyanın təşkilatçılarının Moskva ilə bağlantılarıdır: Sarkisyan və Koçaryan müharibədən sonra eyni "masada" əyləşməkdən imtina etsələr də, hər ikisinin Rusiya ilə əlaqələri var və hər ikisi prosesdən qazanclı çıxmaq istəyir. İkincisi, etirazların başlama motivi və tələblərdir: müxalifət Azərbaycanla sülh sazişinin imzalanmasına etiraz edir və bu, Moskva üçün Brüssel razılaşmasının dondurulması baxımından sərfəlidir. Lakin Moskva aksiyadan Paşinyanı devirmək yox, daha çox təzyiq məqsədilə istifadə edir. Nikol ruslara onların vasitəçilik etdiyi üçtərəfli razılaşmaların icrasına üçün lazımdır və Moskvanın hazırki hədəfi öz masasındakı razılaşmaların aktuallığını qorumaq, mümkün sülh sazişində maraqlarının nəzərə alınmasına nail olmaqdır. Paşinyanın devrilməsi "rus masası"nda əldə olunan razılaşmaları da riskə atır, çünki hakimiyyətə gələcək istənilən qüvvə üçün bunu icra etmək çətin olacaq. Bu baxımdan, Rusiya müxalifətin etirazı üzərindən Paşinyana Qərb masasından uzaqlaşması, Bakı ilə "ikitərəfli format"dan imtina etməsi üçün təzyiq edir. Və bu prosesin Paşinyana müəyyən mənada sərf etdiyini də deyə bilərik. Ermənistan hakimiyyəti "daxili vəziyyət sülh sazişini imzalamağa imkan vermir" arqumenti ilə prosesin ən azı uzanmasına, sülh sazişi gündəliyinə istəklərinin daxil edilməsi şəraitinin yetişməsinə qədər vaxt qazanmağa çalışa bilər. Mümkündür ki, Paşinyan nəzarətdən çıxmaması şərtilə etirazların davam etməsinə şərait yaradacaq".
Politoloq Turan Rzayev qeyd edib ki, müxalifət etiraz gücünü və qələbəyə inamı artırmaq, eləcə də etirazçıların say çoxluğuna nail olmaq üçün simvolikadan geniş istifadə edir: "Misal üçün, etirazçılar hazırda İrəvanın "Fransa meydanı"nda daha kompakt şəkildə toplaşıb. Paşinyan da vaxtilə etirazlara buradan başlamışdı. Etirazçılar bununla əslində Paşinyana "vaxtilə etdiyini təkrarlayaraq, səni inqilabla devirəcəyik" mesajını verir. Məlum olduğu kimi Ermənistan müxalifəti Yerevanda mitinq keçirib, hökümət "kütləvi iğtişaşlar" barədə xəbərdarlıq edib. Amma etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyi real görünmür. Birincisi, etirazçıların sayı Paşinyanı devirmək üçün kifayət deyil. Məsələ ondadır ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır. İkincisi, hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur. Hazırda etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəlli deyil. Üçüncüsü, erməni xalqı yaxşı başa düşür ki, Paşinyan devrilsə, Köçəryan, Sərkisyan, Vanetsyan, və ya bu kateqoriyadan olan başqa bir şəxs hakimiyyətə gələcək. Bu qüvvələr isə öz növbəsində əvvələr olduğu kimi hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Erməni xalqı daha hakimiyyətə can atan bu və ya digər qüvvələrin onların hesabına varlanmasını və ya onların siyasi məqsədləri üçün övladlarının qurban olmasını istəmir".
Alim