Ermənistanın Brüssel görüşünə bəslədiyi ümidi də puça çıxdı
7 Aprel 2022 11:00 SiyasətPaşinyan bilməlidir ki, bütün müqavimət cəhdi növbəti zərbə ilə nəticələnəcək
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüş başa çatıb. Görüşə qədər olan dövrdə Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək Ermənistana münasibətlərin normallaşdırılmasına hesablanmış 5 bəndən ibarət sənəd təqdim etmişdi. Ermənistan isə daha çox təxribatlar törədərək Azərbaycanı beynəlxalq qurumlara şikayət yolu seçmişdi. Bəs, üçtərəfli görüşdə hər hansı razılaşma əldə olunubmu? Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, aprelin 5-də Yerevanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş növbəti tamaşa idi. Burada belə bir haqlı sual yaranır. Niyə bu mitinqlər bu günə kimi keçirilmirdi? Sözügedən mitinq nə üçün Brüssel görüşündən bir gün əvvəl keçirildi? Ermənistan hakimiyyəti kimin başını aldatmaq istəyirdi? Heç şübhəsiz ki, bu mitinqlər ictimai rəyə əsaslanaraq danışıqlar zamanı Paşinayanın özünü mümkün ssenarilərdən sığortalaması məqsədi daşıyırdı: "Məlum olduğu kimi, Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Bu bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib. Lakin Brüssel görüşü bir daha göstərdi ki, Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində işə başlanılacaq. Bu nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək. Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan aprelinn 6-da Brüssel görüşü zamanı da zərbə aldı. Paşinyan bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman dəmir yumruq yenidən işə düşə bilər. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır. Beləliklə, Ermənistanın Brüssel görüşünə bəslədiyi növbəti ümidi də puça çıxdı. Həm görüşlərdə, həm də Avropa Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında Azərbaycanın mövqeyini dəstəkləyən fikirlər səsləndirildi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq platformada Azərbaycan növbəti dəfə mövqeyini daha da gücləndirdi. Ermənistan isə bütün cəhdlərə və təxribatlara baxmayaraq növbəti zərbəni aldı, ümidləri puça çıxdı".
Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, dörd saatdan artıq davam edən Brüssel görüşündə iki mühüm razılaşma əldə olundu: Birincisi, sülh sazişidir: tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb; İkincisi, sərhədin delimitasiya və demarkasiyadır: tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb; birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir: "Sülh sazişinə dair razılaşma deməyə əsas verir ki, İrəvanın Bakının təklif etdiyi 5 baza prinsipini "əlavəsiz" qəbul edib. Bəyanatda "status", yaxud "münaqişə"yə dair heç bir qeydin olmaması da bu fikri gücləndirir. Sülh sazişinin hazırlanması ikitərəfli formatda həyata keçiriləcək. Bu, bölgədə maraqlı tərəflərin prosesdə birbaşa iştirak etməməsi deməkdir və Bakının maraqlarına uyğundur. Bu kontekstdə "Rusiya Avropa masasındakı razılaşmaya müdaxilə edəcəkmi" sualı aktuallaşır. Birincisi, görüşdən öncə Putin Əliyev və Paşinyanla danışmışdı və mümkündür ki, bu müzakirələrdə qarşılıqlı məlumatlandırma da olub. İkincisi, razılaşmada Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki anlaşmaya - 10 noyabr və 26 noyabr bəyanatlarına istinad edilir, 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası qeyd olunur, sərhədlə bağlı ikitərəfli komissiyanın yaradılması da Rusiya masasındakı razılaşmaya əsaslanır. Bu baxımdan, Moskvanın razılaşmanı sıfırlayacağı ehtimalı azdır. Mümkündür ki, növbəti görüş Rusiya masasında keçirilsin, yaxud tərəflərlə müəyyən təmaslar qurulsun və sərhəd razılaşması istəyinə uyğun olan Moskva sülh sazişinin hazırlanmasında vasitəçi kimi iştirak etmək istəyəcək. İkinci razılaşma onu deməyə əsas verir ki, sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır. Birgə komissiya sərhədin müəyyənləşməsi prosesinə başladığı vaxtdan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası da həyata keçirilə bilər. Çünki Ermənistan qoşunları Azərbaycan ərazisində olduğu təqdirdə iki ölkənin dövlət sərhədlərinin müəyyən edilməsi və tanınması məntiqdən kənardır. Rəsmi İrəvan razılaşmanın bu bəndini özünəməxsus formada şərh etsə də, məsələnin Brüssel görüşündə müzakirə edildiyi istisna deyil. Bəyanatda "10 noyabr razılaşmasının bütün bəndlərinin tam icra edilməsinin zəruriliyi" də bunu deməyə əsas verir. Hərçənd, erməni qoşunların hansı formada - səssiz, yoxsa məcburetmə ilə - çıxarılacağını proseslərin inkişafı göstərəcək". Onun sözlərinə görə, yekun bəyanat görüşün ümumilikdə Bakının maraqlarına uyğun keçdiyini göstərir: "Qarabağın adı çəkilmir, ümumiyyətlə "münaqişə" haqda heç bir qeyd yoxdur: münaqişənin həll edildiyi reallığı Avropa masasında bir daha qəbul edildi. ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir ki, bu da Minsk qrupu formatının faktiki olaraq sıradan çıxması və yerini Aİ-yə verməsi deməkdir. Sülh sazişinin hazırlanması prosesi İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində yox, ikitərəfli formatda həyata keçiriləcək. Əsas vurğu postmünaqişə dövrünə dairdir: iki ölkə arasında etimad mühitinin yaradılması, humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası və sair. İstisna deyil ki, 4 saatlıq görüşdə Paşinyan Qarabağın "statusu" məsələsini masada irəli sürüb. Yekun bəyanatda bu haqda heç bir qeydin olmaması, ümumiyyətlə bu məsələyə yaxın olan Qarabağ və Minsk qrupundan bəhs edilməməsi Əliyevin Bakının "qırmızı xətti"ni qəbul etdirə bildiyini göstərir".
Alim