Bakı tarixən müxtəlif mədəniyyətlərin görüşdüyü şəhər olub- ÖZƏL
10:30 Siyasət"Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Hesab edirəm ki, bu görüş Azərbaycanın Türk dünyası və İslam aləmi ilə əlaqələrinin inkişafı baxımından mühüm hadisədir. Eyni vaxtda Bakıda TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır". Bunu "Olaylar"a "Media və Mülki Cəmiyyət" İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib: "Məhz buna görədir ki, Prezident İlham Əliyev də bu iki tədbirin eyni vaxtda keçirilməsinin böyük məna daşıdığını vurğulayıb. Dövlət başçısı bildirib: "Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var." Bu fikrin arxasında həm Azərbaycanın zəngin mənəvi irsi, həm də ölkəmizin Türk və İslam dünyası ilə əlaqələrinin daha da gücləndirilməsi dayanır.
Prezident İlham Əliyev çıxışında Seyid Yəhya Bakuvinin Azərbaycan tarixindəki roluna da diqqət çəkərək qeyd edib: "Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır." Bu ffikirlər göstərir ki, Seyid Yəhya Bakuvi yalnız Azərbaycan üçün deyil, ümumilikdə Türk və İslam dünyası üçün mühüm mənəvi şəxsiyyətlərdən biridir. Onun irsinin beynəlxalq konfransda müxtəlif ölkələrdən gələn alimlər və din xadimləri tərəfindən müzakirə olunması Azərbaycan tarixinin və mənəvi dəyərlərinin dünyaya tanıdılması baxımından əhəmiyyətlidir.
Digər tərəfdən, TDT ölkələrinin dini liderlərinin Bakıda bir araya gəlməsi də mühüm mesajdır. Bu görüşlər vasitəsilə müxtəlif ölkələrin dini qurumları arasında əlaqələrin möhkəmlənməsi, ortaq dəyərlərin qorunması və qarşılıqlı fikir mübadiləsinin aparılması üçün imkan yaranır.
Müasir dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Sülhün, qarşılıqlı hörmətin, tolerantlığın və insanlar arasında anlaşmanın gücləndirilməsində onların mühüm rolu var.
Azərbaycan bu baxımdan öz tarixi və müasir təcrübəsi ilə diqqət çəkir. Ölkəmiz əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin bir arada yaşadığı məkan olub. Bu ənənənin bu gün də davam etdirilməsi Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin görüşdə qonaqlara müraciətlə dediyi "Azərbaycana xoş gəlmisiniz!" ifadəsi də ölkəmizin bu cür beynəlxalq və mənəvi tədbirlərə açıq münasibətini göstərir. Eyni zamanda, belə görüşlərin əsas məqsədlərindən biri də insanları bir-birinə yaxınlaşdırmaq, ortaq dəyərləri ön plana çıxarmaq və müxtəlif ölkələrin dini və ictimai qurumları arasında əməkdaşlığı gücləndirməkdir.
Xüsusilə, Türk dünyasının müxtəlif ölkələrindən dini liderlərin Bakıda bir araya gəlməsi qardaş xalqlar arasında əlaqələrin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını göstərir. Mənəvi, mədəni və dini bağlar da bu münasibətlərin mühüm hissəsidir.
Azərbaycanın paytaxtı Bakının belə tədbirlərə ev sahibliyi etməsi ölkəmizin tarixi-mədəni irsinin təbliği baxımından da vacibdir. Bakı bu gün həm Türk dünyasının, həm də İslam aləminin müxtəlif nümayəndələrinin fikir mübadiləsi apardığı mühüm şəhərlərdən birinə çevrilir.
İnanıram ki, Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması bu prosesə mühüm töhfə verəcək. Çünki belə şəxsiyyətlərin irsi bizi tariximizlə yanaşı, mənəvi dəyərlərimiz haqqında da düşünməyə vadar edir.
Bu baxımdan sentyabrın 15-də keçirilən görüşü Türk dünyası, İslam dünyası və Qafqazın dini və ictimai qurumları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisə hesab edirəm.
Əsas məsələ isə bu cür görüşlərin davamlı olması və əldə olunan imkanların real əməkdaşlıq layihələrinə çevrilməsidir. Alimlərin, din xadimlərinin, ictimai təşkilatların və gənclərin birgə layihələrdə iştirakı bu dialoqu daha da genişləndirə bilər.
Bakı tarixən müxtəlif mədəniyyətlərin görüşdüyü şəhər olub. Bu gün də Azərbaycanın paytaxtında Türk və İslam dünyasının nümayəndələrinin bir araya gəlməsi həmin ənənənin davam etdiyini göstərir".