Azərbaycan Prezidentinin fikirləri tam və mütləq həqiqətə söykənir

Avropa Parlamentinin "rüşvətxorlar yuvası" adlandırılması ciddi əsaslara söykənir

"Liderlər arasında spesifik bir xüsusiyyət var ki, bu da cənab Prezident İlham Əliyevin şəxsiyyətində və fəaliyyətində dərhal nəzərə çarpır. Bu, dövlət başçımızın sözü ilə əməlinin vəhdət təşkil etdiyini hər bir situasiyada və hər bir prosesdə sübut etməsidir.

Dövlət başçımız illər ərzində Qərb institutlarının Azərbaycana qarşı ikili standartlarını dəfələrlə dilə gətirib. Zaman-zaman Azərbaycana qarşı yönələn təzyiqlər və təhdidlər ən pik həddə çatsa belə, dövlət başçımız hər zaman qətiyyətlə bildirirdi ki, pozulan münasibətlərin səbəbkarı Azərbaycan olmayıb, münasibətləri zədələyən ilk tərəf də Azərbaycan deyil. Habelə, Azərbaycan sadəcə özünümüdafiə mövqeyinə salmır, lazım olan anda çevik, proaktiv diplomatiyanı işə salır."  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA  deyib:"Bu istiqamətdə qətiyyət göstərməyimiz həm Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı idisə, həm də uzaqgörən Liderimiz çox aydın bilirdi ki, hətta bu məsələ həllini tapdıqdan sonra belə, Azərbaycana qarşı təzyiqlər, təhdidlər və qarayaxma kampaniyaları davam edəcək. Məhz bu cür də oldu.

Azərbaycanı haqq yolundan döndərə bilmədikləri üçün cəmiyyəti daxildən ələ almaq cəhdlərinin belə şahidi olduq. Bir sıra regionlarda və dövlətlərdə buna müvəffəq olsalar da, Azərbaycan cəmiyyətinin həmrəy olması, vahid və həmahəng addımlar atması bu kimi meyillərin qarşısını aldı.

Dövlət başçımız çox aydın şəkildə Avropa Parlamentinin "rüşvətxorlar yuvası" olduğunu dilə gətirdi. Məsələ ondan ibarətdir ki, həmin təsisatın və Qərb qurumlarının Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini aydın gördük. Azərbaycan Xocalı soyqırımı ilə bağlı, məhv edilən mədəni, dini və tarixi irsi ilə bağlı həqiqətləri dünyaya çatdırdıqca, Qərb təsisatları sanki bunları görməzdən gəlirdi. Tam əksinə, Ermənistanın işğalçı əməllərinə və revanşist niyyətlərinə dəstək verirdilər.

Avropa Parlamentinin "rüşvətxorlar yuvası" adlandırılması ciddi əsaslara söykənir. Parlamentdə pul müqabilində qəbul edilən qərarlar Azərbaycan Prezidentinin fikirlərinin tam və mütləq həqiqətə söykəndiyini göstərir. Bu və ya digər qəbul edilən qərarlara təsir edən şəxslər pul qarşılığında belə addımlar atırlar.

Digər regionlara və müxtəlif ölkələrə münasibətdə sərgilənən yanaşma bir cür, Azərbaycana isə tamamilə fərqli idi. Bu baxımdan cənab Prezident İlham Əliyev bir daha həmin faktı və hələ də davam edən reallığı gündəmə gətirdi.

Azərbaycana qarşı yenidən canlanan qarayaxma kampaniyasının şahidiyik. Ölkəmizə, dövlətimizə böhtanlar atılır və burada əlaqələndirilmiş fəaliyyətin şahidiyik. Çünki Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirirsə, digər tərəfdən Qarabağın tarixi və mədəni irsi ilə bağlı təhriflərə yenidən cəhd göstərir. Deməli, Ermənistana və onun revanşist siyasətinə dəstək verən qüvvələr də aktiv fəaliyyət göstərirlər. Sülh quruculuğu prosesində Ermənistan hakimiyyəti necə səmimi deyilsə, eyni zamanda bu prosesə mane olmaq istəyən qüvvələr fəaliyyətdədir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31