Brüssel görüşü nə vəd edir?

Bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına aparır

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş başa çatıb. Görüşün təşkilinə vasitəçilik edən Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat üçün açıqlama ilə çıxış edib. Üçtərəfli görüş, eləcə də Prezident Mişelin açıqlaması bir sıra aspektlərdən diqqəti cəlb edir. Maraqlıdır, görüşün nəticələri Azərbaycanın maraqlarını nə dərəcədə təmin edir?  Millət vəkili Vüqar Bayramov bildirib ki, tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər: "Qeyd edək ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər. İkincisi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb. Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu Zəngəzur Dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır.  Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir etməsinə imkan verə bilərdi.  İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb. Jurnalistlərin suallarını cavablandıran Prezident Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını bildirib. Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün getdikçə yollar daralır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görsənir. Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudu.  "Qarabağ münaqişəsi" sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir".

Siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki,  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağı tapşırmaq barədə razılığa gəliblər. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir: "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul edib. Prezident Mişel gərginliyin aradan qaldırılması üçün sıx əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığını dərinləşdirməyə sadiqliyini təsdiqləyib. Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla videokonfransdan sonra baş verənlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını nəzərdən keçiriblər. Tərəflər gərginliklə bağlı son məlumatları müzakirə edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların lazımi səviyyədə həyata keçirilməsini təmin etmək üçün bu qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident Mişel etimad və yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən saxlanılanların azad edilməsi və itkin düşənlərin probleminin hərtərəfli həllinin tam və tezliklə həllinin vacibliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək". Onun bildirdiyinə görə, bəyənatda həmçinin qeyd olunur ki, Prezident Mişel həm Prezident İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb: "Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: "Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası; sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək. Prezident Mişel həmçinin vurğulayıb ki, qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib. Liderlər həmçinin Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya-əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır. Liderlər görüşün nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər".

Millət vəkili Sahib Alıyev qeyd edib ki, Brüssel görüşünün nəticəsiz bitməyəcəyi  haqda bir çoxları kimi məndə də  müəyyən nikbinlik vardı. Sonra  Ermənistan rəhbərliyinin  bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz aksiyası bu nikbinliyi tam aradan qaldırmasa da, xeyli azaltdı: "Ancaq görünür, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel də Paşinyana başa saldı ki, təkcə regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə də Rusiya-Ukrayna savaşında yaranmış vəziyyət  onlara  forpostcasına  davranış, yəni sözdə sülhə hazır olduqlarını bildirib, əməldə "mərkəz"in diqtəsiylə hərəkət etmək üçün yer qoymur. İrəliləyiş olmalı, görüş sonrası açıqlamada da vurğulandığı kimi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında əksini tapan bütün məsələlər yerinə yetirilməlidir. Şarl Mişelin açıqlaması onu göstərir ki, Ermənistan rəhbərliyinin bizim 5 maddəlik sülh təklifimizə "əlavələr"i buxarlanıb- "Arsax" yoxdur, Qarabağın haylar yaşayan hissəsi var, "satus"  hardadırsa ordadır, xortlaması mümkün deyil. Brüssel danışıqlarını nəticəsi haqda Azərbaycan və Ermənistan rəhbərlərinin deyil məhz  Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin açıqlama verməsi onu göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi məsələlər də qalır. Əsas odur ki,  sülh danışıqları hazırlığı görmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə konkret tapşırıq verilib və sərhədlərin delimitasiyasıyla bağlı bu ayın sonuna kimi  ikitərəfli komissiyanın yaradılması planlaşdırılır.  Bir sözlə, əgər Ermənistan yenə forpostcasına davranmasa, Brüssel danışıqları regionun postkonflikt dövründən barış dövrünə keçməsi yönündə yaxşı perspektivlər vəd edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31