Fil və qarışqa... - Arzu Qazıyeva yazır
11 Mart 2022 23:08 SiyasətQorbaçov bilsəydi ki, ABŞ-la Böyük Britaniyanın uzun illərdir ki, axtardıqları adamdır, yəqin ki, özünün uğursuz "perestroyka"sını işə salmazdı. Putin də bilsəydi ki, Ukraynaya soxulması Avropanı və hətta Uzaq Şərqi və Asiyanı ona qarşı vahid cəbhədə birləşdirməklə özüs təklənəcək, Rusiyaya dərin nifrəti daha da gücləndirəcək, "düyməyə basmazdı". Cavanlığın üstün bir cəhəti varsa, o da qarayaxa kəclikdir. Məhz, nəzakətlə qarayaxa kəcliyi ilə Zelenski iki ayağını bir başmağa dirədi.
Zelenskinin Putinin və dünyanın qarşısında sərgilədiyi bu nəzakətli qarayaxa kəcliyinə baxanda bir pritça yadıma düşür: bir gün qarışqa filin qarşısında dayanıb ona meydan oxuyur, deyir ki, fildən güclüdür. Fil şaqqanaq çəkir, qəşş edincəyə qədər gülüb deyir ki, qarışqanı dırnağı ilə basıb nəfəsini kəsər. Qarışqa dediyindən dönmədikcə fil də onun sırtıqlığına qəzəblənir. Qarışqa dediyini sübut etmək üçün tez dırmaşır filin üstünə, quyruğunun altında özünə yer edib başlayır qıdıqlamağa. Fil nə illah edirsə, qarışqanı ordan düşürə bilmir. Axırda yorulur, nəfəsi tıncıxır, dizləri üstə çökərək qarışqaya deyir: "Sən haqlısan, məndən güclüsən. Amma indi yalvarıram, düş aşağı, nəfəsim artıq kəsilib, taqətim qalmayıb".
Mən yaxşı anlayıram ki, Ukraynanın müdafəsində bəlkə də bütün bəşəriyyət, yer planetinin özü dayanır. Siyasi tənbeh və iqtisadi sanksiyalar, 16 milyardlıq hərbi yardım və s. Bu yardım çox şeydir, amma hər şey deyil. Hər şey ukrain xalqının iradəsi, istəyi, haqlı səsi və onu ardınca aparan həmin o "sırtıqcasına" prinsipial olan cavan Zelenskinin nəzakətli qarayaxa kəcliyidir. Ukrain toplum sıravi vətəndaşından tutmuş liderində bitən məhz bu xüsusiyyətləri ilə filin məğlubedilməzlik, böyüklük, boğazda ilişib qalmış kal armudluq mirajını darmadağın etdi. Qarışqa göstərdi ki, çəkisinə, ölçülərinə görə ən böyük heyvan adını qazanmış fili elə özünün böyüklük müvəffəqiyyətindən başgicəllənməsi ilə məğlubiyyətə uğratmaq olar. Ruslar demiş, и это вопрос времени.
Arzu Qazıyeva