Bakıda sensasiya yaşandı: İrəvanın arzuları puç olur

Azərbaycanla İran arasında tarixi Anlaşma Memorandumu imzalandı. Ermənistanın hər hansı formada "önəmli regional dövlət"ə çevrilmək planları bu gün məhv oldu.

Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycan və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sitat: "Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edildi. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulandı. Bu, dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirildi və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olundu. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edildi. Vurğulandı ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq".

... Bu gün Bakıdakı "Fairmont" otelində, günün ikinci yarısında yaşanan hadisə gerçəkdən də, son dörd ayın sensasiyası sayıla bilər.

Azərbaycanın Şərqi Zəngəzur bölgəsini dövlətimizin digər hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni nəqliyyat dəhlizi ilə bağlı Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması əsla sıradan bir hadisə deyil.

Cənub qonşumuzun ərazisi ilə, Ermənistan-İran sərhədindən təxminən 5 km cənubda dəmir yolu, çoxzolaqlı avtomobil yolu, elektroenerji xətti, rəqəmsal rabitə xətti və s.-dən ibarət yeni dəhliz inşa ediləcək.

Yeni dəhliz faktiki olaraq 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və İran arasında imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş Zəngəzur dəhlizinin təkrarıdır.

Zəngəzur dəhlizi də mütləq çəkiləcək, Arazın şimal sahili ilə Meğridən keçəcək.

Memoranduma görə, yeni dəhlizin hər iki tərəfində bir dəmiryolu və bir avtomobil-piyada körpüləri tikiləcək. Yəni cəmi olaraq 4 körpü inşa ediləcək.

Çox yəqin ki, onlar Araz çayı üzərində Zəngilan və Ordubad rayonlarında olacaqlar.

Sənədə görə, tərəflər öz ərazilərində sutkada 500 daxil olan və bir o qədər də ölkədən çıxacaq ağırtonnajlı yük avtomobillərinə xidmət edəcək nəzarət-buraxılış məntəqələri inşa edəcəklər.

Avtomobillər idxal, ixrac və tranzit səciyyəli yüklər daşıyacaqlar.

Sənədin şərtlərinə görə, tərəflər iki ölkənin mövcud qanunvericiliyi çərçivəsində hüquqi sənədlər hazırlamalıdırlar. Zəngilandakı körpü, dəhlizin şərq tərəfindəki elektroenerji və rabitə xətlərinin inşası ilə bağlı bütün xərxcləri Azərbaycan çəkəcək. İran isə analoji işləri Ordubadda, yəni dəhlizin qərb qurtaracağında aparacaq.

Avtomobil yolları tikilib istifadəyə verilənədək avtoşosselər tikiləcək. Növbəti altı ay ərzində iki dövlət avtotrasa paralel olacaq dəmiryolunun inşası ilə bağlı zəruri layihələrlə texniki sənədləri hazırlayacaqlar.

Yeni dəhliz Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlamaqla yanaşı, Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirəcək nəqliyyat-loqistika strukturunun tərkib hissəsi olacaq.

Beləcə, dəhliz bütün regional nəqliyyat sistemini dəyişəcək.

Ermənistan uduzdu, şansı əldən verdi. İrəvan "dəhliz" kəlməsini eşidəndə dərhal çoxsaylı şərtlər irəli sürür, mal və məhsulların, yükdaşımaların reallaşdırılması üçün "gömrük rüsumları" almağı düşünürdü. Üstəlik, dəhlizdə pasport-gömrük postlarının da inşa ediləcəyini deyirdi.

İndi həmin post Laçın dəhlizindədir.

Halbuki İrəvandakı hakimiyyətdə zərrə qədər məntiq və ağıl olsaydı, Qarabağa rüsumsuz giriş hüququ ilə gəlirlər imkanını əldə edə bilərdi.

Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi üçün Azərbaycan üzərinə düşən bütün işləri gördü.

Ermənistan isə tam tərsinə - bəyanatın şərtlərini icra etməmək üçün bütün yollara əl atdı.

Rəsmi Bakı bununla bağlı İrəvana dəfələrlə xəbərdarlıq etdi, İran alternativinin olduğunu dedi - ermənilər anlamadılar.

Araz çayından cəmi 5 km cənubda inşa ediləcək Zəngilan-Ordubad dəhlizi 44 günlük Vətən Müharibəsindən sonra yaranmış imkanlardan sadəcə, biridir.

Ölkəmiz Ermənistana düşmənçilikdən əməkdaşlığa və sülhə keçidi dəfələrlə təklif etmişdi.

Ermənistan eşitmədi.

Zəngəzur dəhlizinin mümkün qədər tez reallaşmasına mane olan Ermənistan indi laçın dəhlizi vasitəsilə Xankəndinə giriş imkanını da itirə bilər.

Yeni dəhliz vasitəsilə Naxçıvanın elektroenerjiyə tələbatı tam təmin olunmaqla yanaşı, qardaş Türkiyəyə də elektroenerji nəql ediləcək.

Və sonda: bu gün imzalanmış memorandum Azərbaycanla İran arasındakı əlaqələri daha da intensivləşdirəcək. Halbuki Ermənistan bu əlaqələrin düşmənçiliyə çevrilməsini, İranın sərhədimizin yanında keçirdiyi genişmiqyaslı hərbi təlimlərinin ölkələrimiz arasında savaşa çevrilməsini istəyirdi.

Qərbin çox ağır, əzici sanksiyalar tətbiq etdiyi Rusiya üçün də yeni dəhliz olduqca önəmlidir, nədən ki, nə İran, nə də Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına qatılmayıblar.

Bakıda imzalanmış memorandum Azərbaycanın böyük diplomatik qələbəsidir.

Cəmi 30 il əvvəl dövlət müstəqilliyini bərpa etmiş ölkəmiz indi gerçək regional geosiyasi liderə çevrilib, Cənubi Qafqazın yeni iqtisadi və siyasi konfiqurasiyanını formalaşdıranölkə olub.

Deməli, doğru yoldayıq.

Vətən Müharibəsindən sonra Bakı üçtərəfli bəyanata İrəvanın əməl edəcəyini səbrlə gözləyirdi.

Olmadı.

Amma yox, İrəvanın kiçik şansı qalıb.

Lap kiçik.

Ermənistan dövlət sərhədlərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tanınmasını ehtiva edən Sülh Müqaviləsini imzalayarsa, regional əməkdaşlığa qatıla bilər.

Azərbaycanın səbri əbədi deyil...

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31