Bakının təhvil verdiyi ermənilər İrəvanda kameralara salındı
8 Fevral 2022 14:21 SiyasətAzərbaycanın Ermənistana 8 hərbi əsiri təhvil verməsi İrəvanda böyük gərginliyə və qalmaqala səbəb olub.
Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Ermənistana təhvil verilmiş ermənilər Sarkis Tarzyan, Vardges Balayan, Armen Petrosyan, Artur Babayan, Amayak Sarqsyan, Qurgen Qaloyan, Qriqor Kuregyan və Vaqarşak Maloyandır.
Lakin onlar İrəvana çatdıqdan sonra gərgin hadisələr yaşanıb.
Ermənistan mediasının verdiyi xəbərlərə görə, Bakının təhvil verdiyi ermənilərin istisnasız olaraq hamısı barədə cinayət işi açılıb. Onlar dindiriliblər, ifadələri alınıb.
Həmin şəxslərin ailə üzvləri və qohumları da dindirilmənin aparıldığı Hərbi İstintaq İdarəsinə hücum çəkiblər. Onlar binanın pəncərələrini daşa tutublar, içəri girməyə çalışıblar.
Hadisə yerinə çağırılmış polislər etiraz aksiyası keçirənləri binadan kənarlaşdırıblar.
Təhvil verilmiş hərbi əsirlərin valideynləri "Övladlarımızı dərhal azad edin!" qışqırıblar.
Dindirilmə 8 saat davam edib. Sonuclara görə, 8 nəfərdən 6-sı azad buraxılıb. Hərbi xidmətə çağırılmış iki nəfər isə Ermənistan Hərbi Polisinə aparılıb.
Onlara qarşı ittiham irəli sürüləcəyi ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Azərbaycanın indiyədək Ermənistana təhvil verdiyi erməni hərbi əsirlərin 14 nəfəri haqqında cinayət işi qaldırılıb.