Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 38 mindən çox işə baxılıb
8 Fevral 2022 12:33 SiyasətMəhkəmə Ekspertizası Mərkəzi tərəfindən 41 ekspertiza ixtisası, o cümlədən ballistik, trasoloji, narkotik vasitələr, yol-nəqliyyat hadisələri, tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq və başqa növlər üzrə 38 mindən çox işə baxılıb. Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, ekspertlər tərəfindən 1 milyondan çox tədqiqat obyekti araşdırılaraq, qoyulan sualların 97 faizinin həllinə nail olunub. Cəmiyyətin inkişafı və mülki hüquq münasibətlərinin artması, eyni zamanda, əhalinin, xüsusilə sahibkarların məhkəmələrə inamının yüksəlməsi və hüquqların məhkəmə müdafiəsinə üstünlük verilməsi nəticəsində bəzi növlər, o cümlədən iqtisad ekspertizaları üzrə işlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb. Cinayətkarlıqla mübarizədə təhqiqat və istintaq orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən elm və texnikanın nailiyyətləri tətbiq edilməklə cinayət hadisələri ilə bağlı alət və vasitələrin, odlu və soyuq silahların, atəş, insan və digər izlərin, predmetlərin tədqiqi aparılıb.