Məhkəmə ekspertizası fəaliyyəti ədalət mühakiməsinin səmərəliliyinə xidmət edir
8 Fevral 2022 12:27 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir. "Olaylar" xəbər verir ki, bu sahədə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə nazirinin müavini Eldar Nuriyev çıxış edərək məhkəmə ekspertizası fəaliyyətinin dövlətimizin başçısının tapşırıqlarına uyğun müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi ilə bağlı həyata keçirilən tədbirləri qeyd edib. Vətən müharibəsində Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərin istintaqı və mülki infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə yüzlərlə cinayət işi üzrə ekspertizaların icra edildiyini, 500-dən çox əmlak, o cümlədən fərdi yaşayış evləri, sənaye obyektləri üzrə tədqiqatlar aparıldığını vurğulayıb. Mərkəzin rəis əvəzi Rahim Rəhimov ötən il məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin olunan ekspertizaların sayının 25 faizdən çox artdığını, ekspertizaların 50 faizə qədərinin daxili işlər orqanları, 33 faizinin məhkəmələr, 8 faizinin prokurorluq, qalanının isə digər qurumlar tərəfindən təyin edildiyini bildirib. Qeyd edilib ki, keçirilən ekspertizaların 24 faizi cinayət, 31 faizi mülki, kommersiya və digər qeyri-cinayət işləri, habelə 45 faizi isə istintaqa qədər materiallarla bağlı olub.