Sülh olsunmu, olmasınmı?..

Avropa Birliyinə sədrliyi qəbul etmiş Fransanın Prezidenti Emmanuel Makron Avropa Birliyinin Prezidenti Şarl Mişel,
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla videokonfrans formatında görüş keçirdi.

- Ermənistan - Azərbaycan münasibətlərinin normallaşdırılması;
- iki ölkə aradında humanitar məsələlərdə irəliləyiş əldə edilməsi;
- sınırların delimitasiyası və demarkasiyası;
- sülh sazişi üzrə danışıqların başlanması;
- UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması... - bütün bunlar görüşdəki müzakirələrin əsas mövzusu, istiqaməti olub.
Videokonfransdan sonra Şarl Mişel və Emmanuel Makron birgə Bəyanatla çıxış edib. Bəyanat nəyi ifadə edir, onu, ümumən videogorüşü necə yorumlamaq olar? Tezislər şəklində yazsaq:
- Birgə Bəyanatda "Dağlıq Qarabağ münaqişəsi", hətta "Qarabağ" ifadəsi yoxdur.
Bu, "Qarabağ" mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti örnəyi sayıla bilər. 
Qarabağ Azərbaycandır!
-Bəyanatda ATƏT-in Minsk Qrupuna da istinad yoxdur və bu, vacib, müsbət məqamdır. Fransa MQ-nin həmsədridir və bölgəyə MQ üzərindən dönüşdə çox maraqlı olduğu da hər halından bəlliydi. Ona görə də, bu Bəyanatın MQ-siz ötüşməsi, əlbəttə, diqqətə və təqdirə layiqdir. Bəli, MQ-yə istinad olunmaması
Moskva, Soçi və Brüsseldə keçirilmiş bəlli görüşlərin mahiyyətinə tam uyğun gəlir. Yəni qalmaqallı Fransa MQ-nin həmsədri olaraq bu reallığı qəbul etməkdədir;
-Bu videokonfrans bir daha göstərmiş oldu ki, Brüsseldə təsbit olunmuş Sülh Gündəliyi davam və inkişaf edir. Bu özlüyündə uğurdur.- Çünki  Gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, Azərbaycan ərazilərinin
minaların təmizlənməsi
kimi məsələlər təşkil edir. Mina varsa - onu basdıran var - o mina basdıran Ermənistandan (ErMİNAstan da deyə bilərsiz) başqası deyil, təbii. Beynəlxalq səviyyədə tirajlanan belə önəmli görüşdə mina mövzusunda tək cümlə belə vacibdir; Sülh Gündəliyindəsə kommunikasiyaların açılması, eləcə də, minatəmizləmə işində Azərbaycana yardım nəzərdə tutulur. Bütün bunlar küll halında
qarşılıqlı güvən quruculuğuna xidmət edir. Bir daha vurğulasaq, ortada güvənsizliyi yaratmış da, güvənə mina qoyan da, kommunikasiyaları tıxamış da bəsbəllidir... Bizimsə sözümüz imzamız qədər etibarlıdır!

Videokonfrans formatlı görüşdə Azərbaycan Prezidentinin çıxışı milli maraqlarımızın növbəti parlaq ifadəsi oldu:
- I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsi lap ondə gəlir. Aydındır ki, bu müəyyənlik Ermənistanın üzərinə öhdəlik, məsuliyyət qoyur. 
Kütləvi məzarlıqlar və onların yerləri dəqiq koordinatlarla biləvasitə keçmiş işğalçı Ermənistan tərəfindən verilməlidir;
- İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi də həm Ermənistanın cinayətkarlığını həm də Azərbaycana dəstəyin vacibliyini qabardır. - Ərazilərin minalardan təmizləməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması zəruriliyyətdir. Əgər Avropa Birliyi bu məsələyə müdaxil olursa, onun bir töhfəsi olmalıdır. Və bu töhfə AB adına layiq olmalıdır. Yoxsa, 30 illik ağır işğala son verməyi bacarmış komandan və onun Vətəncanlı, dövlətcanlı xalqı minaçını yendiyitək, minaların da axırına çıxmağa qadirdir.
-  Dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması təxirəsalınmaz məsələdir. Bax, bu məsələ də avtomatik sual yaratmamış deyil ki, o yollar niyə qapanmışdı? O qapalı yollar 10 noyabr 2020-ci ildən bəri niyə açıla bilməyib? - Azərbaycan Prezidentinin qaldırdığı məsələlər istər birbaşa, istər diplomatik şəkildə diqqəti ən əsas mövzuya indeksləyir: Bütün bu yaşananların suçlusu kimdir? O suçluya himayədarlıq edənlərin məsuliyyəti, ən azı mənəvi məsuliyyəti yada düşür... O himayədarın ən başında gələn ilk üç ölkənin adısa bütün dünyaya bəlli olsa gərək...

Dövlət başçımızın I Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini haqlı olaraq qabartması vasitəçilərin, tərəfdaşların Ermənistana verməli olduğu sualları artırır. O, suallara cavab bulmadan sülhmü olar?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31