Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilir

İstiqamət - gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilir

44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri əsil vətənpərvərlik nümunəsi nümayiş etdirdilər. Canlarını Vətən uörunda fəda edən gənclərimizin hər biri bugünkü gəncliyimizə nümunədir. Elə Ali Baş Komandan, Prezident İlham Əliyev də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda  qeyd edib ki, müharibədə sinəsini qabağa verənlər arasında gənclər əksəriyyət təşkil edir: "Əlbəttə, Vətən müharibəsi ona görə Vətən müharibəsi adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi". Politoloq Nurlan Qələndərli qeyd edib ki, Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modelinin bir çox spesifik cəhəti var. Bunlardan biri cəmiyyətdə proqressiv və dinamik qüvvələrin enerjisinin ümummilli məqsədlərə yönləndirilməsi üçün sistemli fəaliyyətin aparılmasıdır. Bu səpkidə gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilir - böyük önəm verilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti müasir çağırışlara və milli maraqlara tam adekvat olması ilə fərqlənir. Bu siyasətin ən mühüm istiqamətləri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əsasında - vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Politoloqun sözlərinə görə, gənclərin dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişmələri, sözün əsl mənasında, strateji zərurət kimi çıxış edir: "Prezident İlham Əliyev bu məsələdən bəhs edərkən "Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır", - deyə vurğulayıb. Ümumiyyətlə, müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. 44 günlük Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında gənclərin rolu böyükdür. Azərbaycan gəncliyi öz müqəddəs missiyasını - Vətən borcunu şərəflə və ləyaqətlə yerinə yetirərək tarix yazdı, tarixin yaddaşına əbədi həkk olunacaq. Əlbəttə, Azərbaycan gəncliyinin Vətənə sədaqət andını ölkəmizin ərazi bütövlüyü uğrunda haqlı mübarizədə öz xidməti ilə yerinə yetirməsi xalqımızın böyük üstünlüyü, dövlətimizin isə qüdrətidir". "Bütövlükdə, yüksək potensiala malik olan Azərbaycan gəncləri onlara göstərilən inam və etimadı dəyərləndirmək üçün fəallıq nümayiş etdirirlər. Təqdirəlayiq haldır ki, onlar ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər, milli maraqların keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, ölkənin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək təşəbbüskarlıq göstərirlər",-deyə N.Qələndərli əlavə edib.

Politoloq söyləyib ki, bu reallıqlar ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, parlaq gələcəyinin əyani ifadəsidir: "Cənab İlham Əliyevə ünvanlanan məktublarda əksini tapan fikirlər də onu göstərir ki, vətənpərvər Azərbaycan gəncliyi ölkə başçısının ətrafında sıx birləşib, gənclərin Ona olan inamı və güvəni sonsuzdur.  Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Prezident İlham Əliyev uğurlu gənclər siyasəti həyata keçirməklə, gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir". N.Qələndərli gənclərin milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda yetişməsində könüllülük hərəkatının da müstəsna əhəmiyyətə malik olduğunu deyib: "Ümumiyyətlə, könüllülük sosial orqanizm olan cəmiyyətin fərdlərini - insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Azərbaycan təcrübəsi göstərir ki, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Azərbaycanda könüllülər hərəkatının "ASAN xidmət"dən başlaması onu deməyə əsas verir ki, bu, milli kadr potensialının gücləndirilməsi və gələcək üçün vacib sərmayədir. Əsas məqsəd ondan ibarətdir ki, ölkəmizin istedadlı gəncləri könüllülük işinə qoşularaq insanlara yardım kimi xoş - nəcib təşəbbüsün reallaşmasına, ictimai dəstək mexanizminin gücləndirilməsinə öz töhfələrini versinlər. Təbii ki, bu ilkin addımlardan sonra respublikamızda müəyyən müddət ərzində könüllülər hərəkatı və könüllülərin fəaliyyəti geniş vüsət alıb. Azərbaycanda könüllülük artıq bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın ayrı-ayrı sahələrinə yayılaraq cəmiyyətimizin müxtəlif təbəqələrini əhatə edib, gənclərin həyat tərzinə çevrilib. Könüllülüyün miqyası onun məzmunu qədər genişdir. Ona görə də könüllülərin fəaliyyət dairəsi məhdud deyil - daxili platforma ilə məhdudlaşmır. Ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi istiqamətində də könüllülərin fəaliyyəti faydalı və önəmlidir. Könüllülük, eyni zamanda, Azərbaycan xalqının tarixi ənənələri ilə milli dəyərlərinin vəhdətini ifadə edir, toplumun simasının humanizm cizgilərini əks etdirir. Çünki könüllülük həm də ictimai vicdanı, sosial mərhəməti, yardımlaşmaq, paylaşmaq, dəstək - kömək olmaq kimi nəcib xüsusiyyətləri özündə ehtiva edir. Başqa sözlə, xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatının fəlsəfəsi ilə üst-üstə düşür".

Alim Hüseynli

Yazı Azərbaycan  Respublikasının  Media İnkişafı Agentliyinin maliyyə dəstəyi  ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31