Azərbaycan gəncliyi şərəf və ləyaqət simvoluna çevrilib

Dövlətin yaratdığı geniş imkanlar nəticəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır. Məhz bunun sayəsində Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Gənclərlə bağlı çoxsaylı proqramların qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncam gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsini yazdı. 2020-ci ilin ölkəmizdə Prezidentimiz İlham Əliyev tərəfindən "Könüllülər ili" elan edilməsi, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verdi. Gənclərin sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsində "Könüllülər ili"nin də öz payı oldu. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar gələcəyə hesablanmış siyasətin təcəssümü oldu. Azərbaycan gəncləri öz növbəsində onlara yaradılan imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özlərini təsdiq edirlər. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmləndirilməlidir. Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcək. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, ölkədə vətənpərvər gənclik yetişib. Təsadüfi deyil ki, Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır: "Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi". Dövlət başçısı əlavə edib ki, Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır: "Bu nəslin yetişdirilməsi üçün biz, sadəcə olaraq, hansısa proqramları tərtib edib, müşavirə keçirib, məruzə dinləyib öz işimizi məhdudlaşdıra bilməzdik. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq. Dediyim kimi, müharibədə sinəsini qabağa verənlər arasında gənclər əksəriyyət təşkil edir. Əlbəttə, Vətən müharibəsi ona görə Vətən müharibəsi adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, hər bir cəmiyyətin, xalqın və ölkənin taleyində aparıcı - həlledici rol oynayan qüvvələrdən biri gənclərdir. Gənclik enerjisi quruculuğa yönləndiriləndə, onların potensialından zamanında, yerində və səmərəli istifadə olunanda rifah, inkişaf, firavanlıq əldə etmək, etibarlı gələcək inşa etmək mümkün olur. Azərbaycan xalqı da bu baxımdan şanslı və xoşbəxtdir. Çünki ölkəmizdə sağlam, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda gəncliyin formalaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət, qayğı göstərilir: "Biz haqlı olaraq qeyd edirik ki, Ümummilli Liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Çünki O, qüdrətli dövlət yaratmağa müvəffəq olub, gələcəyin Azərbaycanını inşa edib, həmçinin xalqımızın, dövlətimizin sabahı olan sağlam gəncliyin formalaşması naminə misilsiz işlər görüb. Ümummilli Lider Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd etdiyimiz 2 Fevral - Gənclər Günü Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən elan edilib. Bu, dahi şəxsiyyətin gəncliyin inkişafına xüsusi diqqətinin, tükənməz qayğısının göstəricisidir. Ulu Öndər gəncliyin inkişafı ilə əlaqədar çox mühüm fərman və sərəncamlar imzalayıb, ölkəmizdə müasır çağırışlara uyğun dövlət proqramları icra olunub. Müasir çağırışlara və reallıqlara əsaslanan bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin "Gənclər ili" elan edilməsi, bir çox layihə və proqramların reallaşdırılması gənclərin müxtəlif sahələrdə fəallığının artmasına, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsinə geniş imkanlar yaradıb. Ən əsası, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən vəzifəni - Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Bu, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin böyük uğuru, xalqımızın isə qürur mənbəyidir. Əminliklə demək olar ki, Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi bundan sonra da Vətən - qalib və qüdrətli Azərbaycan naminə böyük nailiyyətlərə imza atacaq!"

        Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31