Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin reallaşmasını təmin edəcək

Bu günlərdə Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib. Bununla bağlı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi parlament müzakirəsindən keçib. Xatırladaq ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Maraqlıdır ölkə parlamenti tərəfindən Şuşa bəyənnaməsinin təsdiqi Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı, eləcə də Azərbaycanın təhlükəsizliyi baxımından nə vəd edir? Əvvəla qeyd edək ki, bunun üçün ilk növbədə sözügedən qanun  layihəsində əksini tapmış müddəları xatırlamaq lazım gəlir. Qanun layihəsində qeyd edilib ki, "Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək. Təkcə bu fakt deməyə əsas verir ki, Şuşa bəyənnaməsi Qars müqaviləsinin əhəmiyyətini bir daha gündəmə gətirərək onun müddəalaraını bir daha möhkəmlətmiş olur. Sənəd təkcə Qars müqaviləsini deyil, eləcə də iki ölkə arasında zaman-zaman imzalanmış müqavilələrə istinad edir. Belə ki, sənədə əsasən 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" rəhbər tutulur. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayır. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini önə çəkir. Həmçinin, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulanır. Sirr deyil ki, hazırki beynəlxalq münasibətlər sistemində müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi mühüm faktor təşkil edir. Məhz bu amil nəzərə alınaraq Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edir. Eləcə də Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirmək istiqamətində səylərini əsirgəmir. Sənəddə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulanır. Sadalanan faktorlar nəzərə alınaraq  Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək bəyan edirlər ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaq. Yeri gəlmişkən qeyd edək ki, sənəddə Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyətinin xüsusi qeyd edilməsi Muxtar Respublika ilə Azərbaycanın əlaqələrinin daha da geniçlənməsi məsələsini aktullaşdırır. Sənəddə  Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd edilir. Türkiyə regionda sülhün, əminamanlığın bərqərar olunması məqsədilə fəaliyyətini daha da genişləndirmiş olur. Belə ki, tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyin təminatı bəyan edilir. Konkret olaraq Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Sənədə əsasən Azərbaycan və Türkiyə beynəlxalq miqyasda da bir-birlərinin maraqlarını qoruyacaqlar. Eyni zamanda, bu dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına təhdid olunduqda birgə fəaliyyət göstərəcəklər.Heç şübhəsiz ki, burada söhbər qarşılıqlı hərbi yardımdan gedir. Daha dəqiq, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək.Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Eyni zamanda, bəyan edirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Məlumat üçün qeyd edək ki, sənəd hələ ki, Türkiyə ali qanunverici orqanında ratifikasiya edilməyib. Bu proses də başa çatdıdan sonra Bəyənnamənin müddəlarının icrası təmin olunacaq. Heç şübhəsiz ki, sənəd Azərbaycan və Türkiyənin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün təmin edəlməsini təmin edəcək.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31