Azərbaycan nümayəndə heyəti Qırğızıstanda səfərdə olub

İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və sahibkarlardan ibarət Azərbaycan nümayəndə heyəti Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib, müzakirələr aparıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, Qırğız Respublikasının investisiya naziri vəzifəsini icra edən Nuradil Bayasovla görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan uğurlu islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib.

Nuradil Bayasov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində  maraqlı olduğunu vurğulayıb, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Görüşdə investisiya tərəfdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılıb. Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanovla görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub.Bişkekə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qırğız Respublikasının Prezidenti Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Almaz İsanov, Qırğız Respublikasının kənd təsərrüfatı nazirinin müavini Azamat Mukaşev, rəqəmsal inkişaf nazirinin müavini Aynura Tuybayeva, energetika nazirinin müavini Tilek Aytaliyev və digərləri ilə keçirdiyi görüşlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31