Gəncənin bütün sakinləri qəhrəmandırlar - İlyas Hüseynov
1 Fevral 2022 13:43 Siyasət"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Gəncəyə səfəri bir sıra önəmli hadisələrlə və açılışlarla yadda qaldı".
Bu sözləri Olaylar.az-a politoloq İlyas Hüseynov deyib.
"Eyni zamanda qeyd etməliyik ki, Gəncə heç şübhəsiz ki, qəhrəman şəhərdir və vətən müharibəsinin əsas dönüş nöqtəsi elə Gəncə əhalisinin yenilməz iradəsi, qırılmaz qüruru ilə səciyyələnmişdir. Burada önəmlidir ki, bizim Gəncədə olan soydaşlarımız cəbhəyə böyük dəstək göstərmişdilər. Baxmayaraq ki, Gəncə şəhəri gecə saatlarında xain hücuma məruz qalmış, raket atəşinə tuş gəlmişdi. Bunun əsas məqsədi onda idi ki, daha çox tələfat olsun və insanlar gecə saatlarında evdə olarkən Ermənistan silahlı qüvvələrinin ballistik raketlərinin hücumuna məruz qaldılar. Ona görə də, bu tarixin əbədiləşdirilməsi, gələcək nəsillərə ötürülməsi baxımından da səfər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, şəhərdə su təchizatı, qazlaşdırma, elektrik enerjisi ilə təminat yüksək səviyyədədir. Eyni zamanda, Gəncə həm də bu gün öz strateji əhəmiyyəti ilə seçilir. Çünki Gəncədən Göygölə, oradan Kəlbəcərə infrastruktur layihələrinin çəkilməsi həyata keçirilməsi. Murov dağının altı ilə uzun məsafəli tunel yolu da inşa edilir. Bu çox çətin arxitektur bir mühəndis həllidir. Ona görə də, bu layihənin həllinin dünya əhəmiyyətli bir miqyası vardır. Bundan sonra Gəncə vasitəsilə bizim soydaşlarımız Laçına və Kəlbəcərə səfər edəcəklər və bu səfərlər ilə yanaşı həm də bizim məcburi köçkünlərimiz həmin ərazilərdə məskunlaşacaqlar və gediş-gəliş təmin olunacaq. Eyni zamanda digər infrastruktur layihələrinin açılışı da mühüm əhəmiyyət kəsb edir. Dram teatrının, ASAN Xidmətin və digər obyektlərin açılışı vətəndaşlarımızın həm sosial problemlərinin həllinə, həm də rifahına xidmət edəcəkdir.
Bu gün 1990-cı illərlə Gəncəni müqayisə edəndə böyük dəyişikliklərin baş verdiyini görürük. Müasir Gəncə göz oxşayan bir şəhərdir. Dünyanın ən qabaqcıl şəhərləri ilə müqayisə oluna bilər və 90-cı illərdə işıqsız, qazsız və yolları bərbad gündə olan Gəncə ilə bu gün müasir trendlərə cavab verən şəhərsalma həllərinin nəticəsi kimi Gəncəni görə bilərik. Xalq cəbhəsi dövründə şəhərlər həm də siyasi və hərbi gərginlik ocağına çevrilmişdi. Bu gün isə təhlükəsiz şəhərlərdən biridir, ictimai asayiş yüksək səviyyədə qorunur. Bu gün Gəncə həm də ən təhlükəsiz şəhərlərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, qeyd etməliyik ki, Gəncənin strateji əhəmiyyəti də çox yüksəkdir. Azərbaycanın ikinci böyük şəhəridir. Şəhər genişlənməyə davam edir, yeni qəsəbələr salınır, əhalisi artmaqdadır. Ona görə də, Gəncə şəhərinin inkişafı Azərbaycanın iqtisadiyyatının inkişafı ilə bilavasitə əlaqədardır. Ölkənin iqtisadiyyatının artması, onun genişlənməsi həm də bölgələrə sirayət edir. Ölkə çox şaxəli şəkildə inkişaf edir və ilk növbədə ölkənin iri şəhərləri də Azərbaycanın iqtisadi qüdrətindən faydalanaraq öz miqyasını və həcmini genişləndirir. Bu çox önəmlidir. Çünki əsas məqsəd həm də regionların sosial-iqtisadi inkişafıdır. Regionların dayanıqlı inkişafı Azərbaycan iqtisadiyyatının təməl sütunlarından birini təşkil edir və bu təkcə mərkəzin, yəni, Bakının inkişaf etdirilməsi ilə yox, ümumilikdə bütün ərazilərimizin bərpası, yenidən qurulması, inkişaf etdirilməsi ilə səciyyələnir.
Təbii ki, bu gün əsas diqqət işğaldan azad olunan ərazilərin inşasına yönəlib. Orada geniş işlər həyata keçirilir. Demək olar ki, sıfırdan şəhər və kəndlər, qəsəbələr inşa olunur. Lakin, digər ərazilərə də diqqətin ayrılması çox önəmlidir. Eyni zamanda, Gəncənin müasir Azərbaycan tarixində buraxdığı iz çox önəmlidir. Gəncənin bütün sakinləri qəhrəmandırlar. Onlar öz yenilməz iradələri ilə bütün dünyaya Azərbaycanı haqq işini, ədalətli mövqeyini göstərdilər. Buna görə Gəncə əhalisinə böyük təşəkkür düşür".
Röyalə Xəyal