Azərbaycandan qardaş Türkiyəyə daha bir dəstək
31 Yanvar 2022 10:55 Siyasət"Dövlət Neft Fondunun (ARDNF) Türkiyə Mərkəzi Bankında qaytarılma müddəti 6 ay təşkil edən 1 milyard avro depozitin yerləşdirilməsində məqsəd qardaş ölkədə makro-iqtisadi stabilliyə dəstək olmaqdır". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu addıma da fərqli müstəvidən yanaşanlar olsa da, Azərbaycanın qardaş Türkiyəyə qısa müddətli maliyyə dəstəyi olması strateji əməkdaşlığımızın ruhuna uyğundur: "Əvvəlla, depozit yarım illik yerləşdirilib. Deməli, müddət başa çatandan sonra geri ödəniləcək. İkincisi, qardaş Türkiyənin maliyyə sektorunda volatilliyin yüksək olduğu dövrdə valyuta daxil olmalarına ciddi ehtiyac var idi. Valyuta bazarındakı tələbin qarşılanması makro-iqtisadi baxımdan vacibdir. Üçüncüsü, strateji mütəfiq olan ölkələrin bir-birlərinə maliyyə dəstəyi olmaları praktikaları kifayət qədər çoxdur. Nəhayət, Türkiyə bizim üçün qardaş ölkədir. Yaxşı qardaş daha çox çətin günlərdə tanınır. Artıq hər iki ölkə ən vacib məqamlarda dəfələrlə bir-birlərinə qardaşlıqlarını nümayiş etdiriblər. Güclü Türkiyə regionda stabillik üçün əsas faktorlardandır. İnanırıq ki, Türkiyə iqtisadi baxımdan gücünü qoruyub daha da artıra biləcək".