Azərbaycanın təşəbbüsləri region ölkələrinin də maraqlarına cavab verir
27 Yanvar 2022 11:12 Siyasət44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi nəinki regionda, eləcə də beynəlxalq aləmdə yeni reallıqların yaranmasına səbəb oldu. Vətən müharibəsindəki qələbə ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu, mədəni-tarixi abidələrin və milli-mənəvi dəyərlərimizin məhvinin, eləcə də zəngin təbii ehtiyatlarımızın qanunsuz talanınasının qarşısı alındı. Sözügedən qələbə ilə itirilmiş milli-mənəvi dəyərlərimizə və tarixi-dini abidələrimizə bir daha sahib çıxdıq. Azərbaycan dövlətinin münaqişənin məhz ölkəmizin xeyrinə həlli istiqamətində tutduğu prinsipial mövqeyi qısa bir zamanda dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən hüquqi cəhətdən dəstəklənməyə başlandı. Artıq Azərbaycanın dünyada təhlükəsizliyin təminatçısı qismində beynəlxalq münasibətlərin subyekti rolunda çıxış etməklə yanaşı, bir sıra regional və beynəlxalq təşəbbüslərin müəllifi kimi də tanınır. Sirr deyil ki, qələbənin əldə edilməsi ilə Azərbaycanın regionda və beynəlxalq müstəvidə siyasi nüfuzu artıb. Azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb. Yaxın müddətdə Naxçıvandan Zəngilana gedəcək avtomobil yolunun inşasına başlanılması gözlənilir. Azərbaycanın cənub sərhədləri tam bərpa olunub və müvafiq sərhəd mühafizə infrastrukturu yaradılıb. Məhz sadalanan bu faktorlar ölkəmizlə yanaşı, ətraf dövlətlərin də maraq dairəsindədir. Elə bu səbədən Azərbaycan bir sira siyasi və iqtisadi layihələrlə çıxış edib.
xxx
Millət vəkili Rauf Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq platforması təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük imkanlar vəd edir: "Hesablamalara görə, "3+3" formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir". Deputat bildirib ki, "3+3" formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər: "Hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətə malikdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına istiqamət götürüblər, amma regional əlaqələr zəifdir. Regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər". R.Əliyevin sözlərinə görə, "3+3" formatı Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: "Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir. Türkiyə bu dəhlz vasitəsi ilə Azərbaycan, Rusiya və İranla əlaqələrini daha da genişləndirə bilər. 2021-ci ilin dekabr ayının 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə "3+3" regional məsləhət platformasının ilk iclası keçirilib. İclas Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədirliyi ilə baş tutub. Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın gələcəkdə "3+3" formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər. Qloballaşmaya nisbətən regional siyasətin gücləndiyi bir vaxtda "3+3" formatı bütün iştirakçıların maraqlarına cavab verir. Qarabağ probleminin həllindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq "3+3" formatı üçün üçün geniş imkanlar imkanlar yaradıb".
Alim