Milli Vəhdət Partiyası: “Azərbaycana qarşı düşmənçilik Fransada dövlət siyasətinə çevrilib”
19 Yanvar 2022 16:18 SiyasətQarabağa qeyri-qanuni səfər etmiş Valeri Pekress beynəlxalq məhkəməyə verilsin
"Fransa Azərbaycana qarşı hər zaman nifrət hissi ilə yanaşıb və Azərbaycanın regionda əldə etdiyi nailiyyətləri heç cür həzm edə bilməyib. Yaxın tariximizdə, eləcə də 44 günlük Vətən müharibəsi zamanı bunun əyani şahidi olduq. Azərbaycana qarşı düşmən mövqe sərgiləmək, diplomatik normalara zidd addımlar atmaq artıq Fransanın dövlət siyasətinə çevrilib".
"OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu ölkənin Milli Assambleyasında Azərbaycan və onun prezidenti İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlərə münasibətində əksini tapıb. MVP hesab edir ki, Fransa artıq bütün diplomatik və hüquq normalarını, eyni zamanda əxlaq dəyərlərini pozur. Ona görə də rəsmi Parisə qarşı adekvat addımların atılması zəruridir: "Fransanın xarici işlər naziri bir müddət əvvəl Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə etiraz etməli olduğu halda, bunun əksini nümayiş etdirərək Pekressə haqq qazandırması, bu azmış kimi Azərbaycan rəhbərliyini təhqir etməsi nə diplomatik qaydalara, nə də əxlaqa sığmır. Bu çox təhlükəli tendensiyadır və xarici işlər nazirinin bu tipli açıqlaması digər Fransa rəsmilərini də anoloji cinayətə sövq edə bilər".
Milli Vəhdət Partiyası onu da bəyan edib ki, Fransa xarici işlər nazirinin bütün əndazəni aşaraq verdiyi sərsəm açıqlama eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra bu ölkə rəhbərliyinin regionda yeni reallıqla barışmaq məcburiyyətində qalaraq Azərbaycanla əlaqələri inkişaf etdirmək siyasətinə də ziddir və Parislə Bakı arasında münasibətlərə zərbə vurmaq məqsədi daşıyır: "Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət əvvəl Brüsseldə səfərdə olarkən Fransa prezidenti Emmanuel Makron Onunla görüşmək təşəbbüsü irəli sürmüş və Azərbaycan dövlət başçısı ilə görüşmüşdü. Görünən odur ki, Fransa dövlətinin içərisinə sirayət etmiş erməni lobbisi, xarici işlər naziri Jan İv Lö Drian kimi erməni sevgisiylə alışıb yanan fransız rəsmilər Brüssel görüşündən sonra Paris-Bakı əlaqələrinin bir qədər normallaşacağından ehtiyat edib yenidən iki ölkə arasında gərginlik yaratmağa can atırlar".
Milli Vəhdət Partiyası hesab edir ki, Fransanın xarici işlər naziri Jan İv Lö Drian diplomata yaraşmayan ifadələr işlətdiyinı görə, Azərbaycan tərəfindən, eləcə də dövlət başçısı Cənab İlham Əliyevdən rəsmi şəkildə üzr istəməlidir: "Eyni zamanda Azərbaycan tərəfi bir müddət əvvəl Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər etmiş Valeri Pekressi ərazi bütövlüyümüzə qarşı kobud şəkildə hörmətsizlik etdiyi üçün beynəlxalq məhkəməyə verməlidir. Partiya olaraq Azərbaycanın müvafiq qurumlarının qeyd edilən istiqamətdə qısa müddətdə hərəkətə keçəcəyi və lazımı addımlar atacağına ümid edirik".