20 Yanvar bizim üçün faciə kimi qiymətləndirilsə də...
19 Yanvar 2022 13:25 Siyasət"Əsas məqsəd Azərbaycanda xalq hərəkatını boğmaq, Azərbaycan cəmiyyətinin oyanışının qarşısını almaq, Azərbaycanı zəiflətməklə, SSRİ-nin dağılmasının qarşısnı alsın"
Bu barədə Olaylar.az-a 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, 1980-ci illərin ortalarında hakimiyyətə gələn Mixail Qorbaçov SSRİ-də islahatlar aparmaq istəyirdi. Amma islahatlar əvəzinə keçmiş imperiyanı qan gölündə boğdu. Müxtəlif yerlərdə müxtəlif xalq hərəkatları formalaşdı. İmperiyanin sütunları zəifləməyə başladı, həmçinin də mərkəzi hakimiyyət erməni seperatizmə göz yumdu. Bu da azərbaycanlıları narazı salırdı. Erməni seperatçılarının daha çox fəallaşması, silahlanması, Azərbaycanda kütləvi mitinqlərə səbəb olmuşdu.
"Xalqın səsini boğmaq üçün Moskvada qərar verildi ki, Bakıya qoşunlar yeridilsin. Bu zaman bu qərarın kim tərəfindən verildiyi, gücdən istifadə edilməsi məsələsi, bunları Moskvada gizli saxlamağa çalışdılar. Amma nəticədə qan töküldü, günahsız, dinc insanlar həlak oldu. Qorbaçov məsuliyyətdən qaçmağa çalışdı. Halbuki, hər kəsə məlum idi ki, əmri Qorbaçov verib. Əsas məqsəd də o idi ki, Azərbaycanda xalq hərəkatını boğmaq, Azərbaycan cəmiyyətinin oyanışının qarşısını almaqla, Azərbaycanı zəiflətsin, SSRİ-nin dağılmasının qarşısnı alsın. Bu arzu onun ürəyində qaldı. 1 il sonra SSRİ dağıldı. Dağılmalıydı da. Çünki, seperatizmə özləri rəvac vermişdilər. Bakıdan sonra başqa keçmiş SSRİ respublikalarında da qanlı toqquşmalar baş verdi. Bütün bu toqquşmalar, xalq hərəkatının oyanışı SSRİ-nin dağılmasına gətirib çıxartdı. 20 Yanvar bizim üçün faciə kimi qiymətləndirilsə də bizim müstəqilliyimizin əldə olunması yolunda önəmli bir gedişat kimi yadda qaldı və həlak olan vətəndaşlarımız müstəqillik günümüzü yaxınlaşdırdı. Bu baxımdan, bir il sonra qazanılan müstəqilliyimiz və indiki inkişafımız əslində məhz 20 Yanvar hadisəsindən sonra baş verdi"
Mehriban Xəlilli