20 Yanvar hadisələrinin yaxşı araşdırılıb təhlil edilməsi lazımdır - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"20 Yanvar hadisələri əslində bütün dünyada beynəlxalq hüququn necə istismar edildiyinin göstəricilərindən biridir. 20 Yanvar hadisələrindən sonra bir daha bütün dünyaya aydın oldu ki, əslində qlobal konvensiyalar və beynəlxalq hüquq deyilən anlayış dünya imperializminin siyasi alətlərindən sadəcə olaraq biridir".

Olaylar.az bildirir ki, bu sözləri sia-ya verdiyi açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq Tural İsmayılov qeyd edib ki, yeri gəldikdə bütün beynəlxalq hüququn müddəalarının hamısı istifadəsiz qala bilir: "20 Yanvar hadisələrindən sonra Azərbaycan torpaqlarının 30 il işğal altında qalmağı da beynəlxalq hüququn nə qədər lazımsız və gərəksiz bir təsir elementinə çevrildiyini göstərdi. Eyni zamanda 20 Yanvar hadisələrinin görünməyən tərəflərindən ən əhəmiyyətlisi ondan ibarətdir ki, bu hadisə göstərdi ki, Azərbaycan xalqının müstəqillik və dövlətçilik şüurunu uzun illər davam etmiş əsarət heç bir zaman poza bilməz. Azərbaycan xalqı SSRİ işğalı dövründə öz milli kimliyindən, milli dərkindən və azadlıq iddialarından heç vaxt vazkeçmədi.

Politoloq vurğulayıb ki, görünən tərəf isə ondan ibarətdir ki, 20 Yanvar terrorundan sonra dünyada bu tip hadisələr pis ənənə kimi təkrarlanmağa başladı: "Məhz 20 Yanvar hadisələrinə layiqli cavabın verilməməsi, 20 Yanvarı törədən siyasi və hərbi rəhbərlərin uzun illər rahat yaşamağı, beynəlxalq məhkəmələrə çəkilməməyə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılmış və konkret adlar göstərilmiş adamların tapılaraq Azərbayana təhvil verilməməyi, daha sonra dünyanın müxtəlif bölgələrində bu hadisənin təkrarlanmasına səbəb oldu. Özəlliklə Liviyada, Suriyada, Əfqanıstanda və digər ölkələrdə əliyalın, günahsız insanların siyasi məqsədlər üçün qətl edilməsi 20 Yanvar hadisələrinin cavabsız qalmağı nəticəsində baş verdi. Bu hadisələr əgər öz obyektiv cavabını alsaydı və bu hadisələrdə hər bir güllə atan terrorçu öz layiqli cavabını alsaydı, mən düşünürəm ki, başqa coğrafiyalarda da bu və buna bənzər terror təxribatları və günahsız insanların qətliamı prosesi baş verməyəcəkdi. Ona görə də, 20 Yanvar təkcə Azərbaycan və region üçün deyil, bütün dünya üçün əhəmiyyətli, tarixi missiyaya malikdir. 20 Yanvar hadisələrinin yaxşı araşdırılıb təhlil edilməsi lazımdır ki, gələcəkdə başqa coğrafiyalarda bu tip bəlalar və faciələr baş verməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31