"20 yanvar faciəsi nə qədər ağır da olsa, bizim qürur mənbəyimizdir "
19 Yanvar 2022 11:46 Siyasət"20 yanvar faciəsi şübhəsiz ki, bir neçə aspektdən dəyərləndirilməlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
"Bu ilk növbədə Azərbaycan xalqının vətənin ərazi bütövlüyü və azadlığı uğrunda sonuna qədər mücadilə aparmaq əzmini nümayiş etdirən bir tarixdir. Digər tərəfdən isə Azərbaycan xalqına, dinc vətəndaşlara, mülki şəxslərə qarşı həyata keçirilən qətliamdır. Şübhəsiz ki, biz hər il bu günü ürək ağrısı ilə anırıq. Eyni zamanda öz azadlığı uğrunda mücadilə aparan, Qarabağın Azərbaycandan qopardılmasına qarşı etiraz edən, yalın əllə zülmə, əsarətə qarşı savaşan bir xalqın nə qədər böyük bir gücə, potensiala malik olduğunu nümayiş etdirir. 20 yanvar hadisələrini xatırlayarkən, həmin dövrdə Azərbaycan xalqının faktiki olaraq informasiya blokadasında qaldığını və baş verən hadisələrlə bağlı dünya mətbuatında məhz SSRİ hakimiyyətinin bilavasitə iştirakı ilə, o cümlədən hərbi cinayətkar Mixail Qorbaçovun tövsiyəsi ilə yalnış məlumatların yayıldığını xüsusilə qeyd etmək lazımdır. Belə şəraitdə faktiki olaraq ölkəmizin informasiya blokadasından çıxarılmasını, bütün dünyaya Azərbaycan xalqının tək, kimsəsiz olmadığını nümayiş etdirən faktorlardan biri də ümummilli lider Heydər Əliyevin bu cinayət əmrinin verildiyi bir paytaxt şəhərində - Moskva şəhərində Azərbaycan nümayəndəliyinə gələrək, birbaşa cinayətkarların kim olduğunu bildirməsi, bəyan etməsi oldu. Həmin dövrdə mərkəzi hakimiyyət tərəfindən hər tərəfdən təzyiqlərə məruz qalan bir şəxs üçün belə bir addımı atmaq və belə bir qətiyyət nümayiş etdirmək böyük bir cəsarət tələb edirdi və həmin dövrdə Heydər Əliyev özünün nə qədər yüksək siyasi liderlik bacarığına malik olduğu ilə yanaşı, həm də xalqının azadlığı, haqqı uğrunda sonuna qədər mücadilə aparmağa hazır olan bir lider olduğunu bir daha nümayiş etdirdi. Bəlli olduğu kimi Azərbaycan prezidenti İlham Əliyev də həmin tarixi mətbuat konfransında iştirak edirdi. Həmin gündən öz xalqı ilə birlikdə olduğunu və mənəvi vərəsəliyin də sonuna qədər davam etdirmək əzmində olduğunu nümayiş etdirdi. Bu gün baxanda həmin keçilən yoldaşı çəkilən zəhmətlər, nümayiş etdirilən, həyata keçirilən böyük işlər daha aydın, bariz formada görünməkdədir.
Bu gün şübhəsiz ki, Azərbaycan qalib dövlətin vətəndaşlarının olduğunu bir zaman kəsiyində tarixin bütün qaranlıq səhifələrinə nəzər salmaqla, keçdiyimiz yolun nə qədər böyük çətinliklərdən sıyrılaraq keçdiyini daha aydın şəkildə görə bilirik. Bu yolun hər addımında şübhəsiz ki, ümummilli liderin və ali baş komandan İlham Əliyevin izi açıq şəkildə görünməkdədir. 20 yanvar faciəsi, qətliamı nə qədər ağır da olsa, bizim qürur mənbəyimizdir və biz öz həmvətənlərimizin öz canını Azərbaycanın uğrunda qurban verənlərin qətiyyəti, əzmi nəticəsində bugünkü azadlığımıza qovuşmuşuq, bugünkü Azərbaycan bayrağının yüksəklərdə dalğalandığı görmək hər birimizə nəsib olub".
Röyalə Xəyal