Milli-mənəvi dəyərlər, tariximizə bağlılığımızın əyani göstəricisi
19 Yanvar 2022 11:34 SiyasətVə Hacı Zeynalabdin Tağıyevə olan vəfa borcumuz
Milli-mənəvi dəyərlər, tariximiz, mədəniyyətimizə bağlılıq, bütün bunları qoruyub yaşatmaq, inkişaf etdirmək hər zaman prioritet olub və qeyd edilən istiqamətlərdə dövlət tərəfindən zaman-zaman müvafiq addımlar atılıb. Sadalanan istiqamətlərdə fəaliyyət göstərmək, ortaya real iş qoymaq günümüzdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir desək yanılmarıq. Əslində siyasət, strategiya düzgün seçilib. Nədən ki, bu gün adlarını sevə-sevə dilimizə gətirdiyimiz tarixi şəxsiyyətlər, ədib və mütəfəkkirlərin zamanında Azərbaycanın tsnıdılmasında müstəsna xidmətləri olub. Kimisi şairliyi, kimisi dünya elminə verdiyi töhfələr, kimisi də xeyriyyəçiliyi ilə.
Milli-mənəvi dəyərlər, tarix və mədəniyyətimizə bağlılıq, onları yaşatmaq ümummilli lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyi üçün bu gün də ulu öndərin siyasəti onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 18 il ərzində dahi mütəfəkkirlərimiz Nəsimi, Nizami və digər mütəfəkkirlərimizin ildönümlərinin qeyd edilməsi ilə bağlı verilən fərman və sərəncamlar, müxtəlif dövrlərdə "Nəsimi İli", "Nizami İli"nin qeyd edilməsinin timsalında bütün bu müsbət keyfiyyətləri görmək mümkündür. Elə işğaldan azad edilən ərazilərimizdə ilk olaraq tarixi-mədəni abidələrin bərpa edilməsi istiqamətində addımların atılması da məhz milli-mədəni dəyərlərə bağlılığın göstəricisi sayıla bilər. Şuşada "Xarı bülbül" festivalının bərpa edilməsi, ermənilər tərəfindən bərbad hala salınmış Vaqifin ev muzeyinin yenidən qurulması, Vaqif poeziya günlərinin keçirilməsi fonunda sadaladıqlarımızı aydın şəkildə görmək mümkündür.
Bu günlərdə dövlət başçısı milli-mənəvi dəyərlərə, tariximizə bağlılığı nümayiş etdirən daha bir addım atdı. Söhbət Bakıda məşhur xeyriyyəçi, zamanında neft milyonçusu kimi tanınan Hacı Zeynalabdin Tağıyevin Bakıda abidəsinin açılış mərasiminin keçirilməsindən gedir. Prezident İlham Əliyevin iştirakı ilə baş tutan abidənin açılış mərasimi bir neçə vacib məqamları özündə əks etdirir deyə bilərik. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.
Hər şeydən əvvəl abidənin yerləşdiyi məkana diqqət etdikdə yuxarıda qeyd etdiyimiz vacib məqamlardan birini qeyd edə bilərik. Bildiyimiz kimi, abidə "İçəri şəhər" metrosunun qarşısındakı meydanda ucaldılıb və Hacı Zeynalabdin Tağıyevin Bakıdakı fəaliyyətinin böyük bir hissəsi də məhz İçəri Şəhərlə bağlı olub. Bu mənada abidənin "İçəri Şəhər" metrosunun qarşısında ucaldılmasının mühüm məna kəsb etdiyini deyə bilərik. Təsadüfi deyil ki, dövlət başçısı da bu məqamı xüsusi olaraq vurğulayıb: "Mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir".
Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması bir tərəfdən milli-mənəvi dəyərlərə bağlılıqla əlaqəlidirsə, digər tərəfdən həm Azərbaycan xalqı, həm də elə dövlət başçısının bu dahi şəxsiyyətə olan vəfa borcudur. O mənada ki, Cənab İlham Əliyevin babası Əziz Əliyev də məhz zamanında Tağıyevin dəstəyi ilə xaricə oxumağa göndərilən gənclər arasında yer alıb və bu faktı Azərbaycan Prezidenti abidənin açılış mərasimi zamanı bir daha qeyd edib: "Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur".
Günümüzdə deyə bilərik ki, Tağıyevin zamanında əsasını qoyduğu xeyriyyəçilik ənənələri davam edir və Azərbaycan təkcə regionda deyil, eləcə də dünyada bu müsbət göstəricilərinə də tanınır, təqdir edilir. Bu günnün Tağıyev rolunu isə Heydər Əliyev Fondu oynayır. Məhz Heydər Əliyev Fondunun xeyirxah missiyası nəticəsində həm Azərbaycanda, həm də ayrı-ayrı ölkələrdə müxtəlfi təyinatlı addımlar atılıb, layihələr həyata keçirilib. Vatikandan tutmuş Pakistana, Fransadan tutmuş Afrikaya qədər geniş bir coğrafiyada Heydər Əliyev Fondunun xeyriyyəçilik əməllərinə rast gələ bilərik. Paralel olaraq Fond ölkə daxilində də milli-mənəvi dəyərlərin, tarixi-mədəni abidələrin qorunması işində uğurlu fəaliyyət göstərir. Hazırda Fond tərəfindən işğaldan azad edilən ərazilərdə yerləşən tarixi-mədəni abidələrin yenidən qurulması istiqamətində işlər aparılır. Bütün bu fəaliyyətlər isə həm dövlət, həm də dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Elə abidənin açılış mərasimi zamanı da Prezident İlham Əliyev bunu bir daha qeyd etdi: "Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi".
Süleyman