20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir
19 Yanvar 2022 11:48 Siyasət"20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi".
Bu fikirləri Olaylar.az-a politoloq Nurlan Qələndərli deyib.
Politoloq qeyd edib ki, bu hadisə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. "Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən, insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Bütövlükdə, 20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil",- deyən N.Qələndərli əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.