Türkiyə-Ermənistan təmasları Azərbaycanın maraqlarına uyğundur- ŞƏRH

Ikinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar meydana çıxıb. Bu reallıqlarla barışmaq məcburiyyətində qalan Ermənistan tədricən qonşuları ilə normallaşmaq siyasəti həyata keçirməyə maraqlı görünsə də, lakin bu ölkədəki bəzi revanşist qüvvələr hakimiyyətin bu siyasətinə mane olmağa çalışırlar. Son həftələrdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki cəhdlərə yönəlik təpkilər fonunda da bunu aydın görmək mümkündür. Bu arada onu da qeyd etmək lazımdır ki, Ermənistandakı revanşist qüvvələr kimi, Azərbaycanda da bəzi siyasi dairələr iddia edirlər ki, Ankara-İrəvan münasibətlərinin normallaşması rəsmi Bakının maraqlarına ziddir. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə tamamilə fərqli düşünür. Partiya sədri deyib ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikitərəfli əlaqələrin normallaşdırılmasına dair təmasları Azərbaycanın maraqlarına uyğundur və istər rəsmi Bakı, istərsə də ölkəmizin siyasi qüvvələri bu təmasları alqışlayır. Çünki yeni normallaşma prosesini Türkiyə Azərbaycanla birgə şəkildə, öncədən razılaşdırılmış prinsiplər əsasında həyata keçirəcək. Bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da dəfələrlə bildirib: "Bu da müsbət haldır ki, qarşı tərəfdən Nikol Paşinyan və Ermənistanın digər rəsmi şəxsləri də heç bir ön şərt qoymadan danışıqlara hazır olduqlarını bəyan ediblər. Eyni zamanda real addımlar atmağa başlayıblar. Belə ki, Paşinyan Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasına mane olan əsas səbəblərdən biri kimi Ermənistan konstitusiyasından "soyqırımı" ifadəsinin çıxarılmasını planlaşdırır. Bu, Ermənistan tərəfindən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını da sürətləndirə bilər."

Əlisahib Hüseynov hesab edir ki, lakin Paşinyanın bu planları Ermənistanın millətçi-revanşist müxalifəti və xaricdəki erməni diasporu, erməni lobbi qrupları tərəfindən kəskin müqavimətlə qarşılaşır.: "Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyi, sərhədlərin dəqiqləşdirilməsini erməni xalqının maraqlarına zidd addım kimi qiymətləndirirlər. Bu da səbəbsiz deyil. Axı xaricdəki erməni diasporunun və lobbisinin öz mövcudluğunu davam etdirməsi məhz bu qondarma "soyqırımı" iddialarının bundan sonra da təbliğ olunmasından, ənənəvi türk düşmənçiliyinin körüklənməsindən asılıdır. Onlar öz mövcudluq səbəblərindən məhrum olmağa hazır deyillər. Çünki qondarma "soyqırımı" təbliğatı uzun illər boyu erməni diasporunu ayaqda saxlayıb, birləşdirib. Bu onlar üçün həm də zəhmətsiz qazanc mənbəyinə çevrilib. Ona görə də nə "Daşnaksütyun", nədəki digər qruplar qondarma "erməni soyqırımı" biznesindən məhrum olunmaq istəmirlər. Onların Paşinyanın qonşularla münasibətlərin normallaşdırılması kursuna sərt təpki göstərmələri də ilk növbədə bundan qaynaqlanır. Lakin Paşinyan da onların müqavimətini qırmağa, başlatdığı kursu davam etdirməyə məcburdur. Çünki Paşinyan dərk edir ki, bir tərəfdən Türkiyə ilə münasibətlərin normallaşması, digər tərəfdən isə Azərbaycanla sülh müqaviləsinin bağlanması və əlaqələrin qurulması ilk növbədə Ermənistanın özünün xilası deməkdir. Elə Paşinyanın komanda üzvləri də hesab edirlər ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün yeni imkanlar yaradacaq və hətta ölkədə işsizlik problemini də bir xeyli dərəcədə həll edəcək. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bildirib ki, "Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır, çünki bu, Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir".

MHP sədri qeyd edib ki, Ermənistan rəhbərliyində bu cür konstruktiv mövqedən çıxış edən şəxslərin artması əlbəttə, Nikol Paşinyanın mövqelərini gücləndirir: "İndi Paşinyan da yaranmış fürsətdən istifadə edib Türkiyəyə və Azərbaycana qarşı ənənəvi düşmənçilik mövqeyindən çıxış edən və normallaşma prosesinə müqavimət göstərən "Daşnaksütyun" partiyası, "Respublika" partiyası kimi millətçi-revanşist qüvvələri zərərsizləşdirmək istiqamətində qətiyyət nümayiş etdirməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31