Prezident İlham Əliyevin müsahibəsi Ermənistana mesajdır - POLİTOLOQ ŞƏRH ETDİ
13 Yanvar 2022 13:44 Siyasət"Əslində müharibənin hərbi fazası başa çatıb, amma informasiya fazası hələ də davam edir. Nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayib, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı saziş imzalanmayıb, Zəngəzur dəhlizinin açılışı ilə bağlı tərəflər arasında razılığa gəlinməyib, hələ bu informasiya müharibəsi davam edəcək". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O, qeyd edib ki, Azərbaycan mediası da bu informasiya müharibəsinin içərisindədir, aparıcı qüvvədir. "Lakin bütün hallarda informasiya müharibəsinə hərbi müharibədə olduğu kimi yenə cənab Prezident rəhbərlik edir. Cənab Prezidentin dünənki çıxışına mən də qulaq asdım. Bu çıxış təbii ki, Azərbaycanın cari proqnozlarıdır, yəni perspektivə hesablanmış görüləcək cari işlərdir. Burada əsas siyasi, iqtisadi, sosial hərbi istiqamətlər var. İnformasiya müharibəsi ilə əlaqədər olaraq Azərbaycan Prezidenti çox yüksək səviyyədə və peşəkarcasına müharibə aparır. Ötən gün Prezident İlham Əliyev tərəfindən yerli KİV-ə verilən müsahibə, ölkə başçının Ermənistana mesajıdır. Təbii ki, bu müddət ərzində bir ildən biraz artıq müddətdə müharibə bitəndən sonra da Ermənistan dəfələrlə təxribat törədib. Azərbaycan tərəfi şəhid versə də bu təxribatların qarşısını çox ustalıqla alıb. Səhv etmirəmsə onlar keçən il 4 dəfə təxribat törədiblər, müharibə qurtarandan sonra 2 dəfə təxribat törədiblər. Hardasa hər iki aya 1 təxribat düşür, yəni rəsmi İrəvan hələ də ağıllanmayıb. Təbii ki, rəsmi İrəvanı ağıllanmağa qoymayan qüvvələr var. Cənubi Qafqazda siyasi maraqları olan həm böyük, həm də orta güclər var. Eyni zamanda dünyada gedən proseslər, pandemiya ilə bağlı çətinliklər, yaranmış iqtisadi-sosial gərginliklər bütün bunların fonunda bəzi dövlətlər öz daxili problemlərini məhz xaricə yönəltməklə bu problemləri aradan qaldırmaq istəyirlər. Bunlardan biri də Ermənistandır. Bilirsiniz ki, küləyin sürətini ölçmək üçün flüger adlı alət var ki, Paşinyan da siyasətçi deyil flügerdir. Hansı tərəfdən külək əssə o istiqamətə dönür, yəni kim onlara yardım edəcəklərini desə, adam dönüb həmin onun təbliğatçısı olur. Bütün hallarda bir şeyi başa düşmək lazımdır ki, dövlət başçısı flüger olanda onun dövləti də flüger olur. Yəni, artıq İrəvan o qədər istiqamətlərə baxmaq məcburiyyətində qalıb ki çaşıb. Rəsmi İrəvan başa düşməlidir ki, bu yolun sonu yoxdur. Azərbaycan Prezidentinin də mesajı məhz bu istiqamətə yönəlmişdi. Cənab Prezident heç əvvəllər demədiyi sözlərə belə toxundu. Ermənistan birmənalı şəkildə bütünlüklə Azərbaycan torpağında bərqərar olub. Azərbaycan üçün bu məsələlər çox önəmlidir. Ermənilər anlamalıdırlar ki, onlar Azərbaycanla rahat şəkildə yola getməsələr, onların nəinki Qarabağ, Ermənistanda qalmasının özü böyük sual altına düşəcək".