Azərbaycan prezidentindən Ermənistana xəbərdarlıq
13 Yanvar 2022 12:34 Siyasət"Biz görsək ki, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək"
İkinci Qarabağ savaşının başa çatmasından bir ildən artıq vaxt keçsə də, lakin hələ də Ermənistanla sərhəddə düşmən təxribatları davam edir, hər təxribat nəticəsində də ordumuzun şəxsi heyəti itki verir. Düzdür, qarşı tərəf də atdığı təxribat xarakterli addımların nəticəsi olaraq çoxsaylı itkilərlə üzləşir, ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, düşmən hər dəfə ağır cavab zərbələri almasına baxmayaraq təxribatlarını davam etdirir. Ən son yanvarın 11-də olduğu kimi. Hərbi mənbələrin yaydığı xəbərlərdən də məlum olur ki, düşmənin bu dəfəki təxribatı nəticəsində iki postu dağıdılıb, bir neçə şəxsi heyəti məhv edilib.
Göründüyü kimi, Ermənistan İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmaq fikrində deyil. Əks halda ötən bir ilə yaxın müddətdə düşmən bir neçə dəfə təxribatlara əl atmazdı. Düzdür, Ermənistanın dövlət sərhədi boyunca həyata keçirdiyi təxribatları bəzən bu ölkədə mövcud olan revanşist qüvvələrin əməli kimi xarakterizə etməyə çalışırlar və hazırkı Paşinyan hökuməti bir çox hallarda həmin revanşist qüvvələrin mövqeyi ilə razılaşmadığını da iddia edir. Ancaq bütün halda bu Ermənistan rəhbərliyinə özünü sığortalamaq üçün yetərli dəlil deyil. İstənilən halda Ermənistanın təxribat xarakterli addımlarının məsuliyyətini məhz Paşinyan hökuməti daşıyır. Paşinyan hakimiyyətinin həmin revanşist qüvvələrə qarşı qəti və sərt tədbirlər görməməsi də onu deməyə əsas verir ki, Ermənistandakı müxalif qüvvələrlə yanaşı, hakimiyyət də revaşizmə meyillidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə bu məqama diqqət çəkib. Dövlət başçısı təəssüf hissi ilə qeyd edib ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var: "Təəssüf ki, biz bunu real həyatda da görürük".
Onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən 9 noybar bəyanatına uyğun olaraq bölgəyə yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri də Ermənistan qədər dövlət sərhədində yol verilən təxribatlara görə, günahkardır və məsuliyyət daşıyır. Çünki Rusiya sülhməramlıları bölgədə sülh yaratmaq, sülhə töhfə verməkdən daha çox, ermənilərin maraqlarına xidmət edən kontingent kimi ad çıxariblar. Elə bir müddət əvvəl erməni terrorçunun Şuşadakı postumuza əl qumbarası atması və bu hadisəni törədən şəxsin sülhməramlılar tərəfindən saxlanılıb qısa müddət sonra azad edilməsi deyilənlərin əyani sübutudur. Məh bütün bunlardan ruhlanan Ermənistan da müntəzəm olaraq dövlət sərhədində təxribatlara əl atır. Bu da öz növbəsində Rusiya sülhməramlılarının fəaliyyətsizliyini ortaya qoyur. Elə prezident İlham Əliyev də sözügedən müsahibə zamanı Rusiya sülhməramlılarının fəaliyyətini haqlı olaraq sərt tənqid edib. Dövlət başçısı bildirib ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir: "Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb".
Prezident İlham Əliyevin noyabrın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanla bağlı səsləndirdiyi fikirlərdən hasil edilən nəticə ondan ibarət oldu ki, Ermənistan dövləti, hakimiyyəti, eləcə də müxalifəti 44 günlük Vətən müharibəsindən ciddi dərs çıxarsın. Əks təqdirdə Ermənistan bundan da ağır nəticələrlə üzləşəcək. Azərbaycan Prezidenti bu xəbərdarlığını sözügedən müsahibədə açıq şəkildə ifadə etdi: "Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək".
Süleyman İsmayılbəyli