Medianın İnkişafı Agentliyinin yaranmasından bir il ötür
12 Yanvar 2022 12:21 SiyasətYanvar ayının 12-si Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması günüdür. Artıq Agentliyin yaranmasından bir il ötür. Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasıdır. Etiraf edilməlidir ki, cəmi bir il ərzində Agentlik üzərinə düşən vəzifələri layiqincə icra edib, medianın inkişafı sahəsində önəmli tədbirlər həyata keçirib. Medianın inkişafı, peşəkar jurnalist kontingentinin formalaşması sahəsində ciddi fəaliyyətə imza atıb. Agentlik müasir tələblərə cavab verən "Media haqqında" qanun layihəsi hazırlayıb, onun ictimai müzakirəsini təşkil edərək parlamentə təqdim edib. Yeni qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial müdafiəsinin təminatına şərait yaradır. Heç şübhəsiz ki, "Media haqqında" qanun dövlət-media, eləcə də kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı sahəsindəki münasibətlərinin tənzinlənməsində mühüm rol oynayacaq. Hazırda Agentlik dövlətin media siyasətini uğurla həyata keçirməkdə davam edir.