ABŞ-la Rusiya arasında son danışıqlar: Moskva qazanclı çıxır… (ŞƏRH)

"Bu danışıqlarda Rusiya üçün hansısa əlverişli nəticələrin əldə edilməsi imkanları daha çoxdur. Çünki ABŞ indiki mərhələdə Çinlə mübarizədə ən azından Rusiyanın neytrallığına nail olmağa çalışır". 

Bunu Qaynarinfo-ya açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Çenevrədə ABŞ Dövlət Departamentinin nümayəndəsiylə Rusiya xarici işlər nazirinin müavini arasında aparılan danışıqları şərh edərkən deyib: 

"Yaranmış vəziyyətdə Moskva özünün bir sıra istəklərinə çatmağı düşünür. "Şimal axını" qaz xətti uzun müddət Vaşinqton tərəfindən blokadada olsa da, Bayden sonradan bu layihənin gerçəkləşməsinə göz yumdu. Bu isə onu göstərir ki, artıq Ağ Ev Rusiyanın neytrallığına nail olmaq üçün ona münasibətdə bəzi güzəştlərə getməyə hazırdır. Bu baxımdan Moskvanın Qərbin nüvə silahlarının Rusiya sərhədindən daha uzaq məsafəyə uzaqlaşdırılması istəyinin baş tutması da realdır. Yeni il ərəfəsi Moskva Qərbə ünvanlanan mövqeyini açıqladı. Moskva Qərbin nüvə silahı daşıyıcılarının Rusiyanın ciddi əhəmiyyət kəsb edən mərkəzi hissəsinə çox yaxın olduğundan narahatdır. Ona görə də Rusiya tələb edir ki, zərbə endirən nüvə daşıyıcıları hansısa müəyyən olunmuş məsafəyə qədər uzaqlaşdırılsın və bu barədə öhdəlik şəklində təsdiqlənən sənəd imzalansın. ABŞ-la Rusiya arasında indi aparılan danışıqlar da əsasən bununla bağlıdır".

Belə olan halda, həmsöhbətimizə görə, NATO-ya yeni üzvlərin qəbulu mövzusu qismən təmin olunacaq:  

"Yəni hansısa ölkələrdə nüvə silahı yerləşdirilməsinə qadağa qoyulacaq, kompromis olaraq isə yeni üzvlər qəbul olunacaq. 

Artıq dünyada ABŞ-la Çin arasında gərginlik artmaqdadır. Vaşinqton bəyan edib ki, onlar üçün əsas rəqib Çindir. Belə vəziyyətdə, həm Vaşinqton, həm də Pekin digər ölkələri öz tərəfinə çəkməyə çalışır. Hind və Sakit okeanları istiqamətində fəaliyyət göstərəcək Avstraliya, Böyük Britaniya və ABŞ-dan ibarət yeni bir hərbi təşkilat yaranıb. Bu mənada ABŞ və Çin üçün təbii ki, Rusiyanın da tutacağı mövqe vacibdir". 

Sabiq nazir düşünür ki, Qazaxıstanda baş verən hadisələrin də yuxarıda qeyd etdiyi mövzuya aydiyyatı vardır: 

"Qazaxıstan strateji yerdə yerləşir. Onunla sərhəddə Çinin Sincan-Uyğur muxtar bölgəsi yerləşir. ABŞ Senatı da bu mövzuyla bağlı bir neçə qərar qəbul edib. Bu isə onu göstərir ki, Qazaxıstandakı olaylar heç də SSRİ-nin bərpasna yönəlmiş addım deyil, daha böyük oyunun tərkib hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31