Nazarbayevlə bağlı daha bir müəmma... Bəlkə 30 illik müəmmaların ağır bədəli?.. "Elbaşı" "Müəmmabaşına" çevrilir... -. Aydın QULİYEV yazır..
9 Yanvar 2022 21:33 Siyasət"Elbaşının" elin "baş bəlasına" çevrilməsinə doğru bir addım da atıldı. Qeybin 6 günlüyündə Nusultan Nazarbayevdən yarımçıq və müəmma dolu xəbər çıxdı. Guya onun mətbuat katibi deyib ki, Nazarbayev ölkəsindədir, hətta Tokayevlə danışır, ona məsləhətlər verir, xalqı Tokayevin ətrafında birliyə çağırır.
Kreml KİV-i də bu xəbəri xüsusi bir həvəslə tirajlayır. İndiyə qədərki 6 gündə Nursultansız baş verənləri bir daha sərf-nəzər edəndə bugünkü xəbər cümlələrinin tam əksini düşünmək daha doğru görünür. Nə qədər çətindir ki, Nazarbayevin özü görüntü ilə üzə çıxsın və izah versin?! Əgər hər şey onun öz iradəsindədirsə xalqa müraciətin ayrı formasını da seçə bilərdi. Ancaq görünür ki, ya öz iradəsi altında deyil, onu zorakı şəkildə qazax xalqına qarşı törədilən cinayətin ortağına çevirirlər, ya da Tokayevlə əlbir hərəkət edərək elə ilk əvvəldən qazax xalqına qarşı cinayət ssenarilərinin hazırlanmasının içində idi... Əgər onu zorən öz xalqına qarşı döndəriblərsə, təcrid ediblərsə bunu başa düşmək olar. Ancaq 30 il Elin başına çıxmış adamın nədən, hansı məntiqlə öz xalqına qarşı cinayətin iştirakçısına çevrildiyini başa düşmək olmur. Onu ailəsi iləmi təhdid ediblər? Ailə təxminən yoxdur, bədbəxtin əzəldən oğlu olmayıb, oğul əvəzi kimi kürəkəni hakimiyyət xatirinə öldürtdürdü, bir qızını həbs etdirdi, digərini siyasət odlarına atdı. Şantaj olunası bir şey qalmayıb. O zaman niyə səsi çıxmır?
50 il bir xalqın başında olasan, özündən sonra hakimiyyətə hazırladığın varis səni belə asanlıqla təcrid edə, belə asanlıqla cinayətkara çevirə, ya təcrid edə... həm də şəxsi faciədir...
Hazırkı vəziyyətdə təhlillər Nazarbayevin sağ-salamat üzə çıxacağı ehtimalının da çox zəif olduğunu deyir. Ya qəhrəman kimi üzə çıxaraq "məni girov götürdülər" deməlidir, ya da "Tokayevlə bir idim" deyərək etdiyi cinayəti rüsvayçılıqla boynuna almalıdır. Hansını görəcəyik?
Nursultanın neçənci müəmmasıdır?
1991-ci il 8 dekabr. SSRİ-nin dağıdılması üçün Belovejsk sazişini Yeltsin, Kravçuk və Şuşkeviçlə birgə Nazarbayev də imzalamalı idi. Razılaşmışdılar. İmza yerindən qabaq Nazarbayev Qorbaçovun kabinetində peyda olur və imza mərasiminə qatılmır, Yeltsinin isə telefonuna cabab vermir, heç bir inandırıcı izah da vermir. Bu bir müəmma...
Rusiya, Ukrayna və Belarus SSRİ-nin dağılmasını rəsmiləşdirəndən sonra 8 dekabr-20 dekabr aralığında Mərkəzi Asiyanın 4 türk respublikası arasında Türküstan Birliyi yaratmaq ideyası baş qaldırır. Nazarbayev bu ideyadan da qaçır və "Slavyan birliyinə" qarşı "Türk birliyi" yaradaq? deyə qorxunc reaksiya verir. Bu ikinci müəmma... 1991-ci ilin 21 dekabrında 4-cü ölkə qismində Belovejsk sazişini imzalayır... Bu üçüncü müəmma... Qazaxıstanı müttəfiq sovet respublikalarının sırasında ən axırıncı olaraq müstəqil elan edir. Bu dördüncü müəmma... Nəhayət, od-alova yaxılmış bu günkü Qazaxıstanda yoxa çıxmaq müəmması...
Bəlkə Nazarbayev qazax xalqının başında 30 il oynadığı bilinən və bilinməyən müəmmaların ağır bədəlini ödəyir?!.. "Elbaşı" "Müəmmabaşına" dönür...
Aydın QULİYEV