Qazaxıstan hadisələri dünyaya ciddi ismarıclar verdi

"Qazaxıstanda gərginliyi, silahlı  toqquşmaları narahatlıqla izləyirik. Statistik göstəricilərə nəzər salanda bir daha aydın olur ki, MDB məkanında adambaşına düşən gəlirlərə və ümumilikdə  sosial-iqtisadi vəziyyətinə görə,  digər respublikalarla müqayisədə Qazaxıstanda həyat tərzi pis deyildi. Deməli, sosial-iqtisadi vəziyyətdən savayı, bu, çaxnaşmaları yaradan  daha dərin qatlarda gizlənmiş məkrli planlar var". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, Türk dünyasına qarşı qlobal geosiyasi dinamikanın sürətlə dəyişməsi kontekstində proseslər davam edir. Türk Dövlətləri Təşkilatının formalaşması və bu əhəmiyyətli qurumun strateji hədəflərə istiqamətlənən mesajlar verməsi Rusiyadakı bəzi qüvvələri ciddi narahat edirdi. Ruslaşmanın qarşısını alan, Türk birliyinə hədəflənən  çox düşünülmüş siyasət həyata keçirən və töhfələr verən Qazaxıstanı şərait yetişən kimi vurmaq  Rusiyanın çox konfiqurasiyalı gedişinin tərkib hissəsi idi. Rusiyanın çox konfiqurasiyalı siyasi gedişlərinin uzunmüddətli uğur qazanacağına əmin deyiləm. Artıq uzun illərdir ki,  Qazaxıstanda milli kimlik formalaşıb. Son 30 ildə yetişən müasir gənclik heç vəclə rus boyunduruğunu qəbul etməyəcək. Qazaxıstanlılar öz sərvətlərinin və dövlətlərinin, ərazilərinin sahibi  olduqlarını  gec-tez ortaya qoyacaqlar: "Qazaxıstan hadisələri yalnız qazax xalqına deyil, bu bütün MDB  respublikalarına, Türk dünyasına zərbə vurmaq  məqsədi  daşıyır. Ancaq məkrli qüvvələr əsas hədəflərinə çata bilməyəcəklər. KTMT qoşunlarının və yaxud orada rus sülhməramlılarının, istehzalı olsa da ermənilərin 70 hərbiçisinin  Qazaxıstanda milli dövləti  qoruyub mühafizə edəcəyi real deyil. Bu müvəqqəti qələbə eyforiyası bəzi dövlətlərin daxili auditoriyasına hesablanıb. Milli dövləti qoruyan, möhkəmləndirən qazaxların milli təfəkkürü, milli kimliyi olacaq.

Qazaxıstan hadisələrindən hər bir dövlət, məmur, vətəndaş ibrət dərsi götürməlidir. Ümumilikdə bu proseslər dünyaya ciddi ismarıclar verdi. Şimal küləyinin nə qədər təhlükəli olduğunun hər kəs fərqində olmalı və buna hazır olub məqamı yetişəndə adekvat cavab verməyin zəruriliyini dərk etməlidir.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31