Azərbaycan insanının mütləq əksəriyyəti Prezident İlham Əliyev ətrafında sıx birləşib- -MÜNASİBƏT-ÖZƏL
6 Yanvar 2022 13:20 SiyasətVüqar İskəndərov: "Bu güclü, monolit birlik sarsılmazıdır və Azərbaycanı yeni-yeni uğurlara aparacaq"
Bir qayda olaraq hansısa ölkədə, yaxın-uzaq qonşularımızda etiraz aksiyası, sosial tələbli mitinq və nümayişlər keçiriləndə Azərbaycanın radikal siyasi düşərgəsi də həmin hadisələrdən ruhlanaraq anoloji proseslərin ölkəmizdə təkrarlanması həvəsi, eyforiyası ilə yaşayırlar. Yaxın tariximizdə istər Ermənistan, istər Gürcüstan, istərsə də ərəb ölkələrində baş verən proseslərin fonunda bunu aydın şəkildə müşahidə etmişik. Elə son günlər Qazaxıstanda yaşanan olayların fonunda da radikal düşərgədə eyni yanaşmanı, eyni düşüncə və təfəkkürün şahidi olduq. Sosial şəbəkələrdə etirazlara çağırışlar edən radikallar, hətta keçən ilin son günlərində Bakıda baş tutan futbol qarşılaşmasından sonra stadiondan çıxan izdihamın videogörüntülərini paylayaşaraq guya Azərbaycanda da vətəndaşların hakimiyyət əleyhinə etrazlara qalxması barədə cəmiyyətə yalnış informasiya ötürdülər.
Azərbaycanın radikal siyasi düşərgəsinin bu kimi qeyri-sağlam və sabitliyi pozmağa yönəlik cəhdlərini pisləyən Milli Məclisin deputatı Vüqar İskəndərov təssüf hissi ilə qeyd edib ki, Azərbaycanda müxalif fikrinə iddia edərək, hakimiyyətə qarşı müxalifətdə olduğunu bildirən, lakin dövlətə, dövlətçiliyə qarşı olan qüvvələr var. Millət vəkili bildirib ki, normal, sivil dövlətlərdə müxalifət önəmli qüvvədir, meyardır: "Bir ölkənin təşəkkül tapması, inkişaf etməsi, tərəqqiyə imza atması üçün güclü dövlətin güclü müxalifəti olmalıdır zərurəti hər zaman hiss edilib. Ancaq çox təəssüf edirəm ki, Azərbaycanda bu sahədə hələ də illərlə, az qala 30 ilə yaxın eyni təfəkkürdə olan bir qrup insanlar var və onlar özünü müxalif sayırlar. Lakin dövlətin heç bir inkişafını görmür və ya görmək istəmirlər. Fəaliyyətlərini isə yalnız və yalnız iqtidara, iqtidarda olan partiyaya qarşı deyil, dövlətə, dövlətçiliyə qarşı yönəldirlər. Hətta özlərini dövlətə, dövlətçiliyə düşmən sayanlar da var. Onların bu cür yanaşması təbii ki, hər birimizi narahat edir".
Vüqar İskəndərov onu da vurğulayıb ki, son illərdə yaxın və uzaq ölkələrdə baş verən daxili qarşıdurma, hakimiyyət çevrilişinə cəhd hadisələri həmin ölkələri daha da ağır duruma salıb, iqtisadi və sosial vəziyyətlərini kifayət qədər pisləşdirib: "Hətta baş verən hadisələrin fonunda torpaq itkisi ilə qarşılaşan ölkələr də olub. Məsələn, Ukraynada baş verənləri bu sıraya aid etmək olar. Bu ölkələrin hər birində baş verən daxili qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi sonda həmin ölkələrin bir dövlət kimi formalaşmasına çətinliklər yaradıb və bunun üçün uzun illərə ehtiyac olub".
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür və bu sabitliyin fonunda ölkəmiz öz inkişaf yolunu davam etdirir. Vüqar İskəndərov hesab edir ki, ölkədəki sabitlik və inkişafın qarantı isə dövlət başçısı cənab İlham Əliyevdir: "Məhz dövlət başçısı Cənab İlham Əliyevin uğurlu idarəçiliyi sayəsində bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən bir ölkədir. Hətta son illərdə bir çox dondurulmuş münaqişələrin öz həllini tapmamasına baxmayaraq, yeganə ölkə Azərbaycan odlu ki, həmin münaqişələrdən biri olan Dağlıq Qarabağ problemini özü, iti ağlı. Düzgün daxili və xarici siyasəti, güclü ordusu hesabına həll etdi. Bununla da həm beynəlxalq hüquq, həm də ədalətin bərpasına nail oldu. Bu mənada Azərbaycan dünyada yeganə ölkələrdən sayıla bilər".
Millət vəkili onu da diqqətə çatdırıb ki, ölkədəki destruktiv qüvvələrin hansısa dövlətdə daxili qarşıdurma, sabitliyin pozulmasına hesablanmış cəhdlər baş verəndə aktivləşmələri təəssüf doğurur: "Lakin belə insanların dövlətimizə qarşı düşmənçiliyi cəmiyyət tərəfindən heç zaman dəstək görməyib və bundan sonra da görməyəcək və nəticə etibarilə onların istəkləri, Azərbaycanda sabitliyi pozmaq arzuları ürəklərində qalacaq. Çünki bu gün Azərbaycan insanının mütləq əksəriyyəti hazırkı iqtidar və cənab Prezident İlham Əliyev ətrafında yumruq kimi sıx birləşib. Bu güclü, monolit birlik sarsılmazıdır və Azərbaycanı yeni-yeni uğurlara aparacaq".
Süleyman İsmayılbəyli