Brüssel görüşü Azərbaycanın tək döyüş meydanında deyil, eləcə də diplomatiya meydanında da qalib tərəf olduğunun bariz göstəricisi idi

Aİ Şurasının Prezidenti Şarl Mişel, Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycan dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Şahin Seyidzadənin sözlərinə görə, şübhəsiz ki, Azərbaycanın vətən müharibəsində tarixi qələbəsindən sonra Brüssel görüşü əhəmiyyət kəsb edən ən mühüm görüşlərdən idi. Xüsusilə bu görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidentinin bəyanatı Azərbaycanın maraqları ilə üst-üstə düşürdü: "Bəyanatın ən önəmli hissəsi, Aİ Şurasının Prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi idi. Bu bəyanat eyni zamanda Ermənistan üçün bir mesajdır ki, artıq erməni cəmiyyəti öz utopik iddialarından ələ çəkməli, bölgədə formalaşmış yeni reallıqlarla razılaşmaqla 44 günlük savaşın nəticələrini nəzərə almaq məcburiyyətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ölkə maraqlarını müdafiə edərək münaqişənin artıq keçmişdə qaldığını, "səhifəni çevirib", gələcəyə baxmaq zamanı olduğunu vurğulamışdır. Məhz Şarl Mişelin bu çağırışı Azərbaycanın mövqeyinin bir daha təsdiq olunması deməkdir. Bəyanatdan da göründüyü kimi, Aİ açıq şəkildə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyini ifadə edir. Beləliklə bu bəyanat Ermənistanı bundan sonrakı mərhələdə təxribatlara əl atmaq və indiyə qədər imzalanmış sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq imkanlarından məhrum edir. Bununla belə, Şarl Mişel Ermənistan və Azərbaycan sərhədində silahlı insidentlərdən sonra regionda gərginliyin azaldılmasını təmin etmək üçün hər iki olkə başçısının atdığı addımları, hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin qurulmasını yüksək qiymətləndirməsi, öz növbəsində Ermənistanın revanş cəhdlərinin yolverilməz olduğununa işarə idi. Bütün bu qeyd olunan məqamlar, Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxaq təşkilat və təsisatlar tərəfindən birmənalı olaraq qəbul edildiyinin göstəricisi idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31