“Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur”

"Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır"

Məlum olduğu kimi erməni diasporu xarici kütləvi informasiya vasitələrindəki mövqelərindən istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi barədə uydurma məlumatlar yaymaqla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Ancaq 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin xarici mətbuat orqanlarına verdiyi müsahibələr bu planı darmadağın etdi. Ermənistan-Azərbaycan münaqişəsi, post müharibə dövründəki reallıqlar, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində müstəsna rol oynayan Prezident İlham Əliyev hazırda da Vətən müharibəsinin nəticələri, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınması barədə həqiqətləri açıq şəkildə bəyan etməkdədir. Elə dövlət başçısının Brüsselə cəfəri çərçivəsində İspaniyanın "El Pais" qəzetinə müsahibəsi fikrimizi bir daha təsdiq etmiş olur. Müsahibəsndə Ermənistanda revanşist qüvvələrin baş qaldırması məsələsinə toxunan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistanın kapiruliyasiya aktına imza atmasına baxmayaraq həmin qüvvələr dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər. "Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən "yenilməz ordu", "əsgər və komandirlərin cəsarəti" haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər".

Məlumdur ki, Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatları ört-basdır etməkdən ötrü ən müxtəlif vasitələrdən istifadə edir. Belə ki, "oğru elə bağırdı, doğrunun bağrı çatladı" prinsipinə sadiq qalan işğalçı dövlət Azərbaycanı Ermənistan sərhədlərinə müdaxilə etməkdə ittiham edir. Müsahibəsində məsələyə aydınlıq gətirən dövlət başçısı qeyd edib ki,  Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır: "Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu".

Azərbaycanın slüh tərəfdarı olduğunu bəyan edən Prezident İlham Əliyev onu da qeyd edib ki, bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır: "Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır. Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər".

Hazırda airi-ayrı dövlət başçıları, eləcə də bəzi benəlxalq təşkilatlar tərəfindən "Qarabağın statusu" məsələsi ortalığa atılaraq "bulanıq suda balıq tutmaq" sevdasına düşənlərin sayı artıb. Belə ki, Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışmaq istəməyən qüvvələr hələ də regionda nüfuz savaşı aşmaqda davam edirlər. Bu məsələyə də birdəfəlik son qoyan Prezident İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini bəyan etdi: "Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir".

Yeri gəlmişkən qeyd edək ki, hazırda beynəlxalq ictimaiyyətin diqüqət mərkəzində olan məslələrdən biri də  Zəngəzur dəhlizinin açılması məsələsidir. Sözügedən dəhlizin reallaşmasının region dövlətlərlə yanaşı, Ermənistanın özünə də töhvə verəcəyini vurğulayan dövlət başçısı  Zəngəzur dəhlizinin hüquqi rejiminin müzakirə olunduğunu bildirib: "Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Bu işçi qrupun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Avtomobil yolunun açılmasının qaçılmaz olduğuna dair aydın təsəvvürlər mövcuddur. Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunur. Hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb". Göründüyü kimi Prezident İlhan Əliyev regionda cərəyan edən siyasi və iqtisadi proseslər, bu proseslərdə marağı olan qüvvələrin mövqeyi, Zəngəzur dəhlizindən gözləntilər, Azərbaycanın sülh tərəfdarı olduğu və bunun üçün dəfələrlə ən müxtəlif təşəbbüslərlə çıxış etdiyini dünya ictimaiyyətinə çatdırıb. Qalır Ermənistanın üzərinə götürdüyü öhdəliklərin qeyri-şərtsiz icrası. Yalnız bu halda regionda sülh və əminamanlığa nail olmaq, Cənubu Qafqazda təhlükəısizliyi təmin etmək mümkündür.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31