Azərbaycan diasporunun inkişaf strategiyası xaricdəki soydaşlarımızın Vətən sevgisi üzərində qurulub

İstiqamət -Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Fuad Hüseynzadə: "Müstəqil Azərbaycanın diaspor quruculuğu prosesi azərbaycançılıq ideologiyasına dayanaraq aparılıb"

Azərbaycan diasporunun tarixi qədim olsa da, lakin onun formalaşması, mütəşəkkil qüvvəyə çevrilməsi, dünyada söz sahibi olması müasir dövrümüzə təsadüf edir. Daha dəqiq desək müstəqillik illərinə.

Hər bir sahədə olduğu kimi, diaspor sahəsində də uğurlar, nailiyyətlər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə diaspora sahəsində əməli addımlar atıldı, xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanma prosesi başladı və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla işi koordinasiya edən bir qurum yaradıldı. Ona görə də tam əminliklə deyə bilərik ki, bu gün diaspor sahəsində əldə etdiyimiz uğur və nailiyyətlərin təməlində məhz Heydər Əliyevin xidmətləri, əməyi dayanır. Təsadüfi deyil ki, bu sahənin ekspertləri də məhz bu cür düşünürlər.  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə diaspor və lobbi quruculuğu sahəsində görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışarkən qeyd edib ki,  diaspora sadəcə söz kimi baxmaq olmaz. Onun sözlırinə görə, bu tək sözün arxasından milyonlarla insan dayanır: "Və bu insanlar sözün həqiqi mənasında xaricdə Vətən üçün ayaqda dayananda diaspora çevirilir. Yəni şəxsi iş deyil, ictimai iş olaraq fəaliyyət göstərərək öz ölkəsini xaricdə bütün hallarda təbliğ edən insanlar diaspor üzvləri olaraq qəbul edilir. Bunun üçün də ən önəmli məsələ birlik və həmrəyliyin olmasıdır. Məhz bunu düşünərək ulu öndər Heydər Əliyev  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdı". Fuad Hüseynzadə deyir ki,  bu bayram xaricdəki soydaşlarımızın diaspora çevrilməsi baxımından çox önəmlidir: "Bu həm də dövlətin diaspor quruculuğu istiqamətində atdığı ilk addım idi. Bundan sonra xaricdəki soydaşlarımızın həmrəyliyi prosesi daha da sürətləndi və onlar özlərində daha çox diaspor məsuliyyəti hiss etdilər. Diaspor məsuliyyəti Vətəni ən səmimi şəkildə sevməyin real təcəssümüdür. Elə diasporu inkişaf etdirən bu məsuliyyətdir". İctimai Birlik sədri qeyd edib ki,  Azərbaycan diasporunun inkişaf strategiyası xaricdəki soydaşlarımızın Vətən sevgisi üzərində qurulub: "Elə məhz bu tendensiyadan çıxış edərək birmənalı olaraq bilməliyik ki, diaspora canlı qüvvə kimi baxmaq lazımdır. Müstəqil Azərbaycanın diaspor quruculuğu prosesi azərbaycançılıq ideologiyasına dayanaraq aparılıb. Əslində, bu quruculuq işi təbii olaraq azərbaycançılıq ideologiyasına bağlanıb. Çünki azərbaycançılıq bizim dövlətin milli ideologiyasıdır. Diaspor fəaliyyətində də milliliyin olmaması qeyri-mümkündür. Çox müsbət haldır ki, diasporumuzda millilik hər zaman özünü büruzə verib. Ümumiyyətlə, millilik Azərbaycan diasporunun simasıdır. Məhz bu üzdən bəzən çox rahat şəkildə "milli diaspor" ifadəsini  işlədə bilirik".

Fuad Hüseynzadə daha sonra fikirlərini belə davam edib: "Qəribədir ki, bəzən Azərbaycan diasporunun quruculuğu işinə yad ölkələrin diaspor təcrübəsini tətbiq etmək məsələsini gündəmə gətirirlər. Lakin bu, qeyri-mümkündür. Ümumiyyətlə, heç bir xalqın diasporuna başqa xalqın diaspor təcrübəsini tətbiq etmək effekt verməz. Çünki hər bir xalqın özünəməxsus milili-mənəvi dəyərləri, ədət-ənənələri, ən əsası milli ruhu var. Azərbaycan diasporu bu milli dəyərlər üzərində qurulub və milli ruhdan qidalanaraq inkişaf edir.  Xüsusən, Azərbaycan diasporunun milli ruhunu biz Vətən müharibəsində daha çox müşahidə etdik. 5 qitədəki soydaşlarımız 44 gündə ayaqda oldu və Ali Baş Komandan İlham Əliyevin yumruğu ətrafında birləşdi. Ümumiyyətlə, milli diaspor Vətən müharibəsində özünün vətənə, xalqa sədaqətini maddi və mənəvi dəstəyi ilə bir daha təsdiqlədi. Bununla həm də xaricdəki soydaşlarımızın da vətən sevgisi sanki yeniləndi. Diasporumuz öz məsuliyyət hissini daha da artırdı. Düşmən xalqın diasporu ilə real və virtual şəkildə qarşı-qarşıya olan diasporumuz fəallığını daha da gücləndirdi. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycanın xaricdə düşmənləri daha da çoxalıb. Hətta bu müharibədə bizə dəstək olan qardaş Türkiyəni sevməyənlər də bizə qarşı düşmən mövqeyindədirlər. Buna görə də Azərbaycanın xaricdə lobbiçiliyinin aparılmasına daha çox ehtiyac var. Bunun üçün bizim lobbiçiliyimizi aparan xaricdə əcnəbi dostlarımızın sayının artırılması vacib amildir". Fuad Hüseynzadənin sözlərinə görə, diasporumuz çalışmalıdır ki, Azərbaycan həqiqətlərini daha çox əcnəbilərin vasitəsi ilə yaysın: "Belə olduqda digər xalqlar həqiqətlərimizə inanar və qəbul edərlər. Bu baxımdan diasporun yerli xalqa inteqrasiya etməsi, onların tədbirlərində iştirakı və daha çox əcnəbiləri tədbirlərə dəvət etməsi məqsədəuyğundur. Bəzən onları özümüzə cəlb etmək üçün fəaliyyətlərini qiymətləndirmək, həvəsləndirici mükafatlar vermək mümkündür. Eyni zamanda diasporumuz yaşadığı xalqın əlamətdar günlərini qeyd etməklə diqqət cəlb edə bilər. Yəni nə qədər yaşadığın xalqa dəyər, qiymət versən, o qədər qarşılığında onlardan özümüzə qarşı müsbət addım hiss edərik. Bununla Azərbaycanın xaricdə sözünü deyən, Azərbaycanın səsi olan əcnəbiləri öz ətrafımıza toplamış olarıq. Bunun üçün diasporumuz xalqımızın özünəməxsus milli xüsusiyyətlərini yerli xalqa çatdırmalı, həmçinin yerli xalqın milli ruhuna toxunacaq tədbirlər etməlidir".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31