Azərbaycan xalqının qürur mənbəyi-Zəfər paradı

Ötən ilin 10 dekabr tarixi Azərbaycan xalqının tarixində ən şərəfli günlərdən biri kimi qalıb. Məhz həmin gün-2020-ci il dekabrın 10-da Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirildi.  Şuşa şəhəri azad edildikdən sonra  Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi. 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin iştirak etdiyi paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, 44 günlük Vətən müharibəsindəki qələbə təkcə Azərbaycanın deyil, eləcə də qardaş Türkiyənin qələbəsidir. Bu baxımdan, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.

ZəFər paradı həm də ölkəmizin hərbi qüdrətinin nümayişi kimi yadda qaldı. Bunu paradda nümayiş etdirilən hərbi texnikanın sayı deməyə əsas verir. Belə ki,  Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olundu.

Sözün əsil mənasında Zəfər paradı Azərbaycan xalqının həmrəyliyinin təzahürü idi. Siyasi mənsubiyyəti, dini, dili, irqindən asılı olmayaraq bütövlükdə Azərbaycan xalqının "çəkici bir zindana vurması" siyasi vəhdətin göstəricisi idi. Başqa sözlə, xalqın qürur mənbəyinə çevrilən Zəfər Paradı ölkədəki bütün siyasi qüvvələri birləşdirməyi bacardı. Azərbaycan ədalətli və məsuliyyətli mövqeyinə dəstək oldu. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: "Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur" fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Elə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Zəfər paradının önəmini xüsusilə vurğulamışdı: "Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

Bəli, doğrudan da 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün şanlı tarixdir. Çünki, müharibədə rəşadətli Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Elə Zəfər qələbəsi çalındı da,  Azərbaycan xalqının Orduya dəstəyi sayəsində. Təsəvvür edin bir tərəfdə Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu, digər tərəfdə isə prezidentin ətrafında birləşmiş xalq. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Nəhayət müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Xalqın dəstəyi isə Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçisini Müzəffər etdi. Misli görünməmiş bir hadisədir ki, 44 gün ərzində Azərbaycan Ordusunda bir dənə də olsun fərari olmayıb. Əksinə, yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

O da etiraf edilməlidir ki, Zəfər savaşında qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi qələbəyə inamı artırdı. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi. Məhz bu qardaşlıq sayəsində Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Rəsmi İrəvan öz ordusunun yenilməzliyi haqqında mif yaratmışdır. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həm də Ermənistanın "məğlubedilməz ordu" mifini darmadağın edib.  Cəmi 44 gün ərzində Ermənistan ordusu bütövlükdə məhv edildi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Vətən müharibəsi bir daha göstərdi ki, Ordu quruculuğu hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti idi. Danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan paralel olaraq güclü ordu yaratdı. Həyata keçirilən çoxşaxəli iqtisadi siyasət nəticəsində əldə olunan iqtisadi qüdrət qələbə üçün zəmin oldu. Təsadüfi deyil ki, ölkədə baş verən iqtisadi  inkişaf tempi qələbənin əsası kimi dəyərləndirilir. Artıq Azərbaycan Qalib ölkə olaraq bölgədə cərəyan edən hadisələrdə söz sahibi, diktə edən tərəf kimi tanınır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31