Kəlbəcərin işğalına görə BMT TŞ xüsusi qətnamə qəbul etmişdi- Kağız üzərində qalan qətnaməni Azərbaycan özü icra etdi

Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaət  nəticəsində artıq rayon və kəndlərimizin işğal gününü deyil, işğaldan azad olunan günlərini qeyd edirik. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Kəlbəcər də var. Kəlbəcər rayonu bir güllə atılmadan belə Azərbaycana təhvil verildi. Çox təssüf ki, 28 il ərzində flora və faunası, tarixi və mədəni abidəsi yerlə-yeksan edilmiş Kəlbəcər azad olunan zaman da mənfur düşmən tərəfindən vandalizmə məruz qaldı. Belə ki, Kəlbəcəri tərk etmək üçün on gün vaxt istəyən düşmən rayonun meşə ağaclarını, təbii sərvətlərini daşımaqla kifayətlənməyərək evlərə od vurub yandırdı. Hansı ki, bu rayon  çoxşaxəli aqrar potensiala malik olub. İşğal nəticəsində Kəlbəcərin yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilib, kənd yerlərində çalışan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılıb.

Məlumat üçün qeyd edək ki, Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunaya malik təbiət muzeyidir. Kiçik Qafqaz dağlarının cənub-şərqində Ermənistan ilə sərhəddə yerləşir. Ölkə ərazisinin 3,5 faizini, Qarabağ ərazisinin isə təqribən 22,2 faizini Kəlbəcər rayonu təşkil edir. Kəlbəcər qədim yaşayış məskənlərindən biridir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.  Kəlbəcər rayonu. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Kəlbəcər coğrafi relyefinə görə, strateji əhəmiyyət daşıdığından ermənilər bu rayonu ələ keçirmək üçün əldən-ayaqdan gedirdilər. Bütün var qüvvəsini səfərbər edərək Kəlbəcəri hədəf seçən düşmən ölkədə yaranan ağır vəziyyətdən istifadə edərək istəyinə nail oldu. Beləliklə, 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edildi. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Bununla kifayətlənməyən mənfur düşmən Kəlbəcərdə qanunsuz məskunlaşma siyasəti aparıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına start verilib. Çox təəssüf ki, ötən müddət ərzində Kəlbəcərin dinc yolla azad edilməsi istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyib. Beynəlxalq ictimaiyyətin biganəli ücbatından Azərbaycanın qədim yaşayış məntəqəsi düşmənin tapdağı altında qalıb. Yeri gəlmişkən xatırladaq ki, Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni ayaq altına atdı, beynəlxalq təşkilatlar isə məsələyə ikili standartlar prizmasından baxmaqda davam etdilər. Qürurverici haldır ki, Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Onu da qeyd edək ki, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər. Kəlbəcər şəhərində  məktəb direktorunun  orta  məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan nə qədər aşağı səviyyədə olduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. Hansı ki, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunması bu rayonun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Məhz bu səbəbdən 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcərə səfər edərək orada Azərbaycan bayrağını qaldırdı.  Dövlət başçısı qeyd edib ki, ikinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir: "Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq".

Artıq Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilib. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Daha sonra "Kəlbəcər-1" Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq  olub, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub. Onu da qeyd edək ki, Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir. Rayonun işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31