Azərbaycanla yeni gərginlik təkcə Ermənistanın iradəsindən asılı deyil- ŞƏRH

Son günlər daha da gərginləşən və açıq hərbi toqquşmalarla müşahidə edilən proseslərə təkcə Ermənistan Azərbaycan münasibəti kontekstindən yanaşma sözsüz ki, natamam və yanlışdır. Dəfələrlə qeyd edildiyi kimi,  Ermənistanla Azərbaycan arasında sülhü mümkünsüz edəcək  amillər, şərtlər var və məhz indi şahidi olduğumuz nəticə, gərginlik, hərbi qarşıdurma tam gözlənilən idi. Hüquqşünas, qazı Vüqar Dadaşov qeyd edib ki, ümumilikdə Ermənistan Azərbaycan münasibətlərinin gərginləşməsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ABŞ, Fransa və Rusiya maraqlı tərəfdirlər. Hansı ki, hər üç dövlət bu qarşıdurmada öz məqsədini və marağını güdür. Ancaq Rusiya və İran Ermənistan-Azərbaycan qarşıdurmasının dərinləşməsində, Qarabağda separatizmin dirçəlməsində və gərginliyin daimi şəkildə mövcudluğu üçün xüsusən canfəşanlıq göstərirlər: "Yeni dünya nizamının formalaşmasını göstərən 12 noyabrda İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının yüksək  səviyyəli sammiti və bu samitdə qəbul edilmiş qərarlar Ermənistan Azərbaycan arasında gərginliyin artacağına, təxribat və yeni hərbi toqquşmaların baş verəcəyini böyük ehtimalla gözlənilən etdi. Tam bir gün keçməmiş noyabrın 13-də saat 07:12-də Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinə qarşı terror aktı törədilir və nəticədə üç Azərbaycan əsgəri yaralanır. Terrorçu Norayr Mirzoyan rus sülhməramlıları tərəfindən saxlanılır ancaq ki, Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilmir. Rusiya bu təxribatda rolunun olmadığını "sübut" etmək üçün erməni terrorçuları guya Rusiya siyasi liderlərini, Moskvanı və hətta Kremli partladacaqları ilə hədələməsi barədə informasiyanı tirajlayır. 15 noyabrda isə Ermənistan müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilir və bu vəzifəyə Suren Papikyan təyin edilir. 16 noyabrda isə səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədində geniş miqyaslı hücuma başlayır.16 noyabrda Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparır və danışıqların əsas mövzusu Qarabağ, Suriya olduğu bəlli olur. 16 noyabrda Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edərək  "müqəddəs vətəni müdafiə etməyə" hazır olmağa, hamını silaha sarılmağa və vətəni qorumağa çağırır. Ancaq, 17 noyabrda  Ermənistanın "Pastark.am" saytı baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzaladığnı və bundan sonra sərhəddə döyüş əməliyyatlarının dayandırıldığını bildirib".

Onun sözlərinə görə, proseslərin xronoloji ardıcıllığı və analizi göstərir ki, hal-hazırda Ermənistan Azərbaycan sərhədində döyüş əməliyyatların başlanması təkcə Ermənistan hakimiyyətinin iradəsindən asılı məsələ deyil, gərginlik açıq aşkar Rusiya və İranın diktəsi və dəstəyi ilə həyata keçirilib və ermənilərin taleyi təhrikçi dövlət üçün heç bir əhəmiyyət daşımır: "Rusiya və İranın türk düşmənçiliyi aksiomadır bu barədə əlavə danışmağa heç ehtiyac yoxdur. İstanbulda keçirilmiş məlum samitdən sonra Türk Dövlətləri Təşkilatına (TDT) Türkmənistanın da müşahidəçi qismində qoşulması Rusiya və İranın daha da qıcıqlanmasına səbəb olub. İran Azərbaycana qarşı riyakar sifətinin ifşa olunması ilə faktiki olaraq Azərbaycanda illərlə yaratdığı "fars şiyəsinun dindar ordusu"ndan məhrum oldu və nəticədə də Azərbaycana təsir imkanları əhəmiyyətli dərəcədə azaldı. Azərbaycan İranla sərhədinə nəzarəti bərpa etdikdən və İranın Qarabağa girişinə qadağa qoyandan sonra Beynəlxalq sanksiyalar qarşısında İranı ayaq üstə saxlayan narkotrafikdən məhrum oldu. Bununla İrana olduqca böyük "iqtisadi" zərbə dəydi. Ancaq İranı daha çox narahat edən güclən Şimali Azərbaycan və türk dünyasıdır və hansı ki, Cənubi Azərbaycanın istiqlalını, İranın dağılmasını labüd prosesə çevirir. Odur ki, İran axır məqama kimi Ermənistanı Azərbaycana qarşı təhrik edəcək. Ermənistan-Azərbaycan arasında növbəti hərbi qarşıdurmada İranın da rolu Rusiya qədər danılmazdır. Görünən odur ki, noyabrın 16-da başlanan Ermənistan-Azərbaycan sərhədində geniş hərbi əməliyyatlar Ermənistan müdafiə naziri Arşak Karapetyanın iştirakı olmadan planlaşdırılıb. Əgər Arşak Karapetyan həmin əməliyyatların planlaşdırılmasında iştirak etsəydi deməli ən azı əməliyyatlar öncəsi Arşak Karapetyan müdafiə naziri vəzifəsindən azad edilməzdi. Bəllidir ki, Ermənistan müdafiə nazirliyi Rusiyada hazırlanmış  Rusiya meylli  kadrlardan ibarətdir. Paşinyan da bu vəzifəyə mülki şəxs Suren Papikyanı təyin etməklə müdafiə nazirliyində vəziyyəti ələ almağa çalışır və noyabrın 16-da xalqa müraciəti ilə Putinlə həmfikir olduğunu göstərmək istəyir. Ancaq ki, qəzəblənən düşmən çoxlu səhv buraxır və bu hal Azərbaycan üçün yeni imkanlar yaradır. Görünən də odur ki, Azərbaycan yeni yaranmış vəziyyətdən məharətlə tam yararlanaraq hərbi əməliyyatları uğurla həyata keçirir və baş verənlər geniş antiterror əməliyyatların başlanacağına şərait yaradır. Hərçənd ki, əməliyyatlara rus sülhməramlıların qatılması da mümkün hərbi və siyasi variantlardan biri ola bilər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31