Ermənistanın 16 noyabr hücumuna rəvac verən daxili və xarici faktorlar
18 Noyabr 2021 10:53 Siyasət44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən sonra belə Ermənistanda səslənən revanşist fikirlər, yeni müharibə çağırışları Azərbaycanla Ermənistan arasında növbəti qarşıdurmanın baş verəcəyi ehtimalını formalaşdırmışdı. Tərəflər arasında 10 noyabr bəyanatının imzalanmasına vasitəçi olan Rusiya Federasiyasının səylərinə baxmayaraq belə İrəvandan müşahidə edilən təhdidlər təhıükəni hər ötən gün daha da yaxınlaşdırırdı. Təhlükənin yaranması və tərəflər arasında yeni bir qarşıdurmanın baş verməsinə isə həm daxili, həm də xarici amillər səbəb idi.
Beləliklə, gözləntilər təəssüf hissi ilə də qeyd etsək baş verdi və noyabrın 16-da Ermənistan Silahlı Qüvvələri dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətindən Azərbaycan Ordusunun bölmələrinə qəfil hücum etdi. Bir neçə saat davam edən aktiv döyüş əməliyyatları düşmənin məkrli planını boşa çıxarsa da, hərbi qarşıdurma itkisiz də ötüşmədi və Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbiçisi şəhid oldu. Düzdür, düşmən də Laçın və Kəlbəcər istiqamətində gedən döyüşlərdə daha bir biabırçı məğlubiyyətlə üzləşdi. Azərbaycan dövlət sərhədini pozaraq mövqelərimizə hücum edən Ermənistan hərbiçiləri əks zərbə nəticəsində nəinki geri oturuldu, hətta ordumuzun əks- hücum əməliyyatı nəticəsində postlarını belə qoyub qaçmağa məcbur edildi.
Noyabrın 16-da dövlət sərhədində yaşananların kökündə nəyin dayandığı, buna nəyin səbəb olduğuna dair müxtəlif fikirlər səslənməkdədir. İrəli sürülən iddialarda bir məqam xüsusi vurğulanır ki, son hərbi qarşıdurmanın yaranmasında həm daxili, həm də xarici amillər rol oynayıb. Maraqlıdır ki, əksər mülahizələrdə məhz bu iki amilə əsas etibarilə diqqət çəkilir. Bəs daxili amil dedikdə hansı qüvvələr nəzərdə tutulur və hazırda Ermənistan ordusunda vəziyyət hansı səviyyədə və ya durumdadır ki, Ermənistanın daxilindəki müəyyən maraqlı qüvvələr orduya təsir göstərə bilirlər? Bu suala cavab tapmaq üçün əvvəlcə Ermənistanın hərbi rəhbərliyində bir neçə gün əvvəl baş vermiş dəyişikliyə nəzər yetirək. Bildiyimiz kimi bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etdi. Onun əvəzinə isə Paşinyan müavini Suren Papikyanı müdafiə naziri təyin etdi. Qısa müddətdə Ermənistan hərbiyəsinə rəhbərlik edən Karapetyanın hərbidə öz adamlarını yerləşdirdiyi bildirilir və iddia olunur ki, noyabrın 16-da baş vermiş döyüşlərdə də məhz Karapetyanın əli var. Belə ki, keçmiş müdafiə nazirinin vəzifədən biabırcasına qovumasını Paşinyana bağışlamadığı və baş nazirdən intiqam almaq üçün belə bir təxribata əl atdığı bildirilir. O da qeyd edilir ki, Karapetyan bu məsələdə baş nazirə qarşı formalaşmış müxalifətlə də əlbir olub və nəzərdə tutulan ssenariyə əsasən Ermənistan 16 noyabr döyüşlərində daha böyük itki vermiş və bundan dolayı müxalifət xalqı İrəvanın küçələrinə çıxarmalı idi. Düzdür, Paşinyan hələ də sadə ermənilər tərəfindən dəstəklənir. Elə 44 günlük müharibədən sonra Paşinyanın yenidən seçkiləri udaraq bir daha baş nazir seçilməsi də bunun sübutudur. Ona görə də antiPaşinyan tərəfdarları ssenarinin ikinci bir hissəsini də hazırlayıblar. Belə ki, baş nazir Nikol Paşinyanın sosial şəbəkə hesabına hücum edən hakerlər noyabrın 16-da dövlət sərhədində gərgin döyüşlərin getdiyi bir vatda Paşinyanın adından status paylaşırlar. Həmin statusda baş nazir xalqı silaha sarılıb vətəni müdafiə etməyə səsləyir. Ancaq üzərindən bir neçə saat keçmədən Paşinyanın həmin statusu sosial şəbəkə hesabından silinir. Burada belə nəticəyə gəlmək olur ki, hərbidəki ə siyasi cameədəki Paşinyan əleyhdarları onun adından xalqa müraciət çağırışı yayaraq bu yola xalqı İrəvanın küçələrinə çıxarmağı hədəfləyib. Lakin baş nazir əleyhdarlarının bu planını alt-üst etməyə nail olur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginlik xarici faktorların da işinə yarayırdı. Xarici faktorlar dedikdə isə heç şübhəsiz ki, burada söhbət ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsindən gedir. Hazırkı situasiya, daha dəqiq desək əldə edilmiş kövrək sülh Minsk qrupunun bir həmsədr ölkəsi Rusiya Federasiyası tərəfindən qaneedici hesab edilsə də, lakin Birləşmiş Ştatlar və Fransa heç də mövcud vəziyyətdən razı görünmürlər. Onlar Qarabağ probleminin Rusiya tərəfindən təkbaşına həll edilməsi reallığını qətiyyən yaxına buraxmır və həmsədrlərin yenidən fəaliyyətə başlamasından yanadırlar. Bir sözlə Birləşmiş Ştatlar və Fransa yenidən öz mənasız fəaliyətlərini dövriyyəyə soxmaq üçün birbaşa Paşinyanın devrilməsinə hesablanmış 16 noyabr hadisələrində maraqlı tərəf kimi görünürlər.
xxx
Sərhəddə baş verən lokal xarakterli döyüşlərdə Rusiya amilini də nəzərə almamaq mümkün deyil. Ehtimallar ondan ibarətdir ki, Ermənistan 10 noyabr bəyanatından keçən müddət ərzində həmin bəyanatın şərtlərinə əməl etmədiyi üçün Rusiyanın regiondakı siyasi çəkisi və nüfuzu şübhə altına düşür. Təkcə regionda deyil, eyni zamanda qlobal aspektdə. Çünki Qarabağda 44 günlük hərbi əməliyyatların dayandırılması və tərəflər arasında bəyanatın imzalanmasında Rusiya təşəbbüskar və bilavasitə tərəf kimi iştirakçı olub. Kreml bununla bütün dünyaya mesaj vermiş olub ki, hətta BMT-nin həll edə bilmədiyi münaqişənin həllində vasitəçilik edərək onun ilkin mərhələdə həllinə nail olub. Ancaq işğalçı Ermənistan həmin bəyanatın şərtlərinə əməl etməyərək Rusiyanın regional və qlobal gücünü şübhə altına almış olur. Aradan keçən 1 ildən artıq müddətdə Ermənistan ənənəsinə sadiq qalaraq ərköyünlük nümayiş etdirərək sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, 16 noyabr təxribatının baş verməsində rəsmi Moskva da maraqlı olub. Daha dəqiq desək ermənilərin dövlət sərhədində hərbi texnika və canlı qüvvə cəmləşdirib hücuma keçməsinə ona görə göz yumub ki, İrəvan növbəti dəfə Azərbaycandan güclü hərbi zərbə alaraq sülh sazişinin imzalanması məcburiyyətində qalsın. Hər halda dünən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazırıq deyə fikr bildirməsi deyilənləri təsdiqləyir.
Bütün halda onu da nəzərdən qaçırmamaq lazımdır ki, qarşı tərəf Ermənistanın kimi işğalçı, terrorçu bir dövlətdir və onun hər an, hansısa addım ata biləcəyinə hazırlıqlı olmalıyıq.
Füzuli