“La Repubblica”dan İslam Respublikasına verilən layiqli cavab
14 Oktyabr 2021 14:18 SiyasətVətən müharibəsindən keçən dövr ərzində cənub qonşumuz tərəfindən bizə qarşı olan qərəzli yanaşma, rəsmi Bakının ünvanına səsləndirilən əsassız ittihamlar, eyni zamanda ərazi bütölüyümüzə nümayiş etdirilən hörmətsizlikdən dolayı gərginləşən Tehran-Bakı münasibətlərinin bundan sonrakı durumu, bu münasibətlərin hansı məcrada inkişaf edəcəyi əndişəsi təkcə iki qonşu ölkədə deyil, eləcə də Qərdə, Avropada hiss edilməkdədir. Avropada o baxımdan cərəyan edən proseslərdən əndişə edilir ki, qoca qitə Azərbaycan regionda ən sadiq tərəfdaş qismində görür və əksər qitə ölkələri Cənubi Qafqazda məhz Azərbaycanla əlaqələrin inkişafına önəm verir. Azərbaycana Avropada olan marağın artmasını şərtləndirən əsas amillərdən biri də ölkəmizin qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamasıdır. Həm bu, həm də digər arqumentlərdən dolayı Avropa regionda yeni bir gərginliyin meydana gəlməsində maraqlı deyil. Baxmayaraq ki, bu gərginliyin meydana gəlməsində yalnız və yalnız İran günahkardır və bütün baş verənlərə görə məhz Tehran məsuliyyət daşıyır. Elə ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə verdiyi müsahibədə bu məqama diqqət çəkərək sözügdən mətbu orqan vasitəsilə Avropa cəmiyyətini mövcud problem barədə məlumatlandırmış oldu. Dövlət başçısı ilə müsahibədə məhz İranla bağlı problemin qabardılması yixarıda da qeyd etdiyimiz kimi Avropanın Tehran-Bakı gərginliyindən keçirdiyi əndişənin təzahürü idi. Qeyd etdiyimiz kimi Avropa heç bir halda regionda yeni bir ciddi problemin meydana gəlməsi və bu problemdən dolayı enerji təhlükəsizliyinin şübhəm altına düşməsini istəməz. Elə Azərbaycan da bölgədə hansısa bir problemin yaranmasında qətiyyən maraqlı deyil. Bunu Azərbaycan Prezidenti "La Repubblica" qəzetinə verdiyi müsahibədə açıq şəkildə ifadə etdi.
Əslində Azərbaycan Prezidenti İranla bağlı verilən suala cavabında bir neçə mühüm məqamı cavablandırmış oldu və reallığın nədən ibarət olduğunu ortaya qoydu. İlk növbədə Azərbaycan Prezidenti "La Repubblica"nın tribunasından həm İranı, həm də dünyanı bir daha bilgiləndirmiş oldu ki, heç kim Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Digər ölkələrdən fərqli olaraq Azərbaycan öz qərarlarını müstəqil şəkildə verir və bu qərarları verərkən heç kimdən asılı olmur: "Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq".
Prezident Iranla bağlı sualı cavablandırarkən İranın məkirli siyasəti, ərazi bütövlüyümzə hörmətsiz yanaşmasını da açıq şəkildə ifadə etdi. Dövlət başçısımın qeyd etdiyi kimi Azərbaycan əraziləri işğal altında olanda da bilirdi ki, cənub qonşumuz ərazi bütövlüyümüzə hörmətlə yanaşmayaraq işğal altında olan rayonlarımız vasitəsilə Ermənistanla ticari, eləcə də bu kimi əlaqələri inkişaf etdirir. Dəfələrlə Azərbaycan tərəfindən bu barədə narazılıq ifadələri səslənsə, İrana yönəlik haqlı tənqidi fikirlər işlədilsə də, lakin Tehran bütün bunlardan heç bir nəticə çıxarmamışdı. İndi isə ərazilərimizin işğaldan azad olunması İranın bazarını bağlamış olur. Dajha dəqiq desək molla rejimi Azərbaycan ərazilərindən istifadə etməklə işğalçı ölkəyə öz yardım əlini uzada bilmir. Prezidentin təbirincə desək bu da İranı narahat edir: "Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, "bunun baş vermədiyini" söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu".
Prezident İlham Əliyevin sözügedən müsahibəsində İranla bağlı səslənən suala verdiyi cavabda diqqət çəkən bir başqa məqam isə ondan ibarət idi ki, cənub qonşumuz normal qonşuluq münasibətlərinə əməl etmir, əksinə Bakı ilə təhdid dilində danışır. Bunu isə Bakı heç bir halda qəbul edə bilməz. Çünki bu məsələdə Azərbaycan yerdən göyə qədər haqlıdır: "Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, - demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik".
Bir sözlə yuxarıda qeyd etdiklərimizin qısaca xronikasına nəzər yetirərək belə deyə bilərik ki, Azərbaycan Prezidentinin İtaliya mətbuatına verdiyi müsahibə həm də "La Repubblica"dan İslam Respublikasına verilən layiqli cavab və mesaj idi.
Məhəmməd